6 May 22:53
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələcək danışıqlarda irəliləyiş əldə olunarsa, xarici işlər nazirlərinin növbə ilə Bakı və İrəvanda da görüşmələri mümkündür.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert sülh müqaviləsi ilə müqayisədə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı irəliləyişin olduğunu bildirib:

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Qazaxıstanın Almatı şəhərində keçirəcəkləri görüş əsasən sülh sazişinin mətninin müzakirəsinə həsr olunacaq, sənəddəki ayrı-ayrı bəndlər ətrafında fikir mübadiləsi aparılacaq.

Azərbaycanla Ermənistan arasında iki istiqamətdə danışıqlar davam edir: bunun biri sərhədlərin müəyyənləşməsi, ikincisi, sülh sazişinin mətniylə bağlıdır. Birinci istiqamətdə aşkar irəliləyiş var, sərhədlərin müəyyənləşməsi prosesi başlayıb, kəndlər qaytarılır, dirəklər basdırılır. Bu prosesə iki ölkənin baş nazirlərinin müavinləri nəzarət edirlər. İkinci istiqamət isə Xarici İşlər Nazirliklərinin nəzarəti altındadır, aşkar irəliləyiş olmasa da, məktublaşma üzərindən birbaşa təmaslar davam edir. Önəmli olan hər iki prosesin xüsusi vasitəçi olmadan davam etdirilməsidir.

Qazaxıstan vasitəçi deyil, Astana bununla bağlı bəyanat da verib. Qazaxıstan görüş üçün məkan təklif edib. Çünki baş nazirlərin müavinlərindən fərqli olaraq, Ermənistan və Azərbaycan xarici işlər nazirləri sərhəddə görüşə bilmirlər, üçüncü ölkələrin birində görüşmələrinə ehtiyac var. Ancaq gələcək danışıqlarda irəliləyiş əldə olunarsa, nazirlərin növbə ilə Bakı və İrəvanda da görüşmələri mümkündür, bu, gec-tez baş verəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu