6 May 21:56
1 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putini Avropaya qabaqlayıcı nüvə zərbəsi endirməyə çağıran rusiyalı alim Kremlə Qərbi cilovlamağın yollarını axtarmaqda kömək etmək üçün işə götürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Times” yazır.

Nəşr bildirir ki, 71 yaşlı Sergey Karaqanov Putinin sevimli xarici siyasət köməkçisi və nüfuzlu analitik mərkəzinin rəhbəridir.

Karaqanov Rusiyanın nüfuzlu simalarından biridir, Ukraynadakı müharibənin tərəfdarıdır və Putinin dünyanı Qərb boyunduruğundan azad etməkdə haqlı olduğunu müdafiə edir. Keçən il demişdi ki, Avropaya nüvə bombasının atılması ABŞ-nin NATO-nun kollektiv müdafiə siyasətinə sadiqliyinin sınağı olacaq. Karaqanov nüvə zərbəsinin dünyanı onu radioaktiv xarabalığa çevirəcək genişmiqyaslı müharibədən qurtarmağın ən yaxşı yolu olduğunu bildirmişdi.

Karaqanov iddia edir ki, Rusiyanın Ukraynada qələbəsi yalnız Qərbin strateji olaraq geri çəkilməyə, hətta təslim olmağa məcbur ediləcəyi halda əldə edilə bilər. O xəbərdarlıq edib ki, Çin Rusiyanı Avropaya qabaqlayıcı nüvə zərbəsi endirməkdə dəstəkləməyəcək, amma Pekin ABŞ-nin nüfuzu və mövqeyinə güclü zərbə vurulduğuna görə çox xoşbəxt olacaq.

“Mənəvi baxımdan bu, dəhşətli seçimdir, çünki biz Tanrının silahlarından istifadə edəcəyik və bununla da özümüzü ağır mənəvi itkilərə məhkum edəcəyik. Amma bunu etməsək, təkcə Rusiya yox, bütün bəşər sivilizasiyası məhv olacaq”, - Karaqanov vurğulayır.

Nəşr yazır ki, Rusiyanın ən nüfuzlu ali məktəblərindən biri Moskva Ali İqtisad Universitetinin baş elmi işçisi olan Sergey Karaqanov Kremlin tapşırığı ilə xarici siyasətlə bağlı əlavə tədqiqatlar aparmaq üçün işə götürülüb.

Müxalifətin “Meduza” xəbər saytının araşdırması nəticəsində məlum olub ki, Karaqanova həm Putinin şəxsi ofisi, həm də Rusiya hökuməti tərəfindən araşdırma aparmaq tapşırılıb.

Rusiya vergi ödəyicisi üçün bir tədqiqatın dəyəri məlum deyil, amma universitetdəki mənbə “Meduza”ya bunun ən azı 10 milyon rubl olduğunu söyləyib. Karaqanova tapşırılan mövzular arasında “Rusiya siyasəti ilə bağlı müasir kontekstdə nüvə silahlarının qarşısının alınması nəzəriyyəsi və praktikası” və “Rusiya-Çin-Hindistan-Pakistan dördtərəfli formatında yeni nüvə silahlarının qarşısının alınması konsepsiyasının inkişafı üzrə dialoq” daxildir.

“Chatham House”un baş elmi işçisi Keyr Cayls deyib ki, Karaqanov Kremlin nüvə məqsədləri ilə bağlı ruporlarından biridir. Onun sözlərinə görə, Rusiyanın nüvə müharibəsindən danışmaq taktikası Qərbi Moskva ilə qarşıdurmadan çəkindirməkdə inanılmaz dərəcədə effektiv olub.

“Söhbət 10 ildən çoxdur bir məqsədə çatmaq üçün hazırlanmış ardıcıl mesajlardan gedir: Qərbi və hər şeydən əvvəl ABŞ-ni Rusiya ilə hər hansı yanlış hesablamanın eskalasiyaya gətirib çıxaracağına və eskalasiyanın nüvə silahının istifadəsi ilə sinonim olduğuna inandırmaq. Buna görə də bizim “eskalasiya” adlandırıla bilən hər hansı bir şeyi nəzərdən keçirmək üçün belə bir patoloji istəksizliyimiz var. Yaxınlarda bunu Devid Kemeronun niyə Qərbin İsraili İran PUA-larından qoruya bildiyi halda, Ukraynanı İran PUA-larından qoruya bilmədiyi barədə danışarkən gördünüz”, - Cayls vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu