7 May 12:21
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin lideri Si Cinpin Avropa turnesinə Fransadan başlayıb. Çin lideri bundan sonra Çinin Avropadakı dost dövlətlərinə - Serbiya və Macarıstana keçəcək. Çin lideri səfər boyu o ölkələri seçib ki, Pekinin siyasətinə qarşı sərt mövqedən çıxış etməyərək, Avropaya uzanan “Bir Kəmər, Bir Yol” layihəsinə dəstək verirlər. Məsələn, Çin liderinin İtaliyaya səfəri nəzərdə tutulmayıb. Çünki İtaliya Pekinin layihəsindən çıxdığını bəyan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Cinpin Parisdə Fransa Prezidenti Emmanuel Makron və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə üçtərəfli görüş keçirib:

“Makron Cinpinlə üç mövzunu ayrıca müzakirə edib. Birinci mövzu Yaxın Şərqdəki gərginliyə aiddir. Bu məsələdə ortaq mövqe bildirilib, həm Paris, həm də Pekin müstəqil Fələstin dövlətinin 1967-ci il sərhədlərində yaradılmasını dəstəkləyib. İkinci mövzu İranın nüvə proqramı ilə bağlıdır. Liderlər İranın nüvə probleminin sülh yolu ilə həllinə tərəfdar olduqlarını deyiblər. Makron və Cinpin problemin siyasi tədbirlərlə həllinin önəmini vurğulayıb.

Fransa İrana qarşı sərt sanksiyaların tərəfdarı olsa da, Tehranla gizli əməkdaşlığını davam etdirir. Məsələn, Ermənistanın silahlandırılması məsələsində Fransa və İranın mövqeyi eynidir. İranın nüvə silahı əldə etməsi də Parisi o qədər də narahat etmir. Bu məsələdə isə Parislə Pekinin mövqeyi eynidir.

Üçüncü mövzu Rusiya-Ukrayna müharibəsi olub. Avropa dövlətləri Çin liderinin Kremlə təsir etməsini istəyir. Cinpin müharibənin dayandırılması üçün Kremlə təsir etmək fikrində deyil”.

Təhlildə bildirilir ki, Cinpin Fransaya səfəri zamanı etirazla da üzləşib:

“Çin liderinin Parisdə hərəkət etdiyi yollarda müstəqil Tibet və Sincan tərəfdarları etiraz aksiyaları keçirib, yol boyu körpülərdə şüarlar asıblar. Müstəqil Tibet və Sincan tərəfdarları Çində insan haqlarının pozulmasına etiraz ediblər.

Avropa İttifaqının 2021-ci ilin martında Sincandakı vəziyyətlə əlaqədar bəzi Çin rəsmiləri və şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsi Pekinin sərt reaksiyasına səbəb olmuşdu. “Human Rights Watch” Makronu Cinpinlə insan haqları mövzularını açıq şəkildə müzakirə etməyə çağıraraq, Çində siyasi məhbusların azad edilməsinə çağırıb. Bəllidir ki, Makron bu mövzuları detallı şəkildə Cinpinlə müzakirə etməyib. Pekin insan haqları mövzularının müzakirəsinə maraq gəstərmir”.


Müəllif: Mənsur Rəğbətoğlu