Teleqraf.com-un məlumatına görə, bu barədə “İzvestiya” qəzetinə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib. Mənbə qeyd edib ki, Rusiya tərəfi cavab addımı çərçivəsində 30-a yaxın amerikalı diplomatı ölkədən çıxarmağı və onların Rusiyadakı mülkiyyətinə həbs qoymağı planlaşdırır.
Rusiyanı bu addımı atmağa Vaşinqtonun Rusiya səfirliyinə məxsus mülkiyyətin üzərinə qoyduğu həbsi götürməməsi vadar edib. Belə ki, ötən ilin dekabrında çıxarılmış həbs qərarı bu günədək götürülməyib. Mənbə bildirib ki, ABŞ və Rusiya prezidentlərinin iyulun 7-də Hamburqda keçirilən görüşü zamanı da bu məsələni həll etmək mümkün olmayıb.
Bununla belə Rusiya XİN-dəki mənbə bildirib ki, belə addım atmağı istəmirlər, lakin Vaşinqonun qeyri-dost addımını cavabsız qoymaq da mümkün deyil.
“Sankt-Peterburqda Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovla ABŞ dövlət katibinin birinci müavini Tomas Şennon arasında görüşün keçiriləcəyi barədə əvvəlcədən əldə olunmuş razılaşma var. Əgər həmin görüşdə də kompromis əldə olunmasa, biz oxşar addım atmağa məcbur olacağıq”, - deyə Rusiya XİN-dən bildiriblər.
Qeyd edək ki, ötən ilin sonunda ABŞ Prezidenti Barak Obamanın göstərişi ilə 35 rusiyalı diplomat ABŞ-dan çıxarılıb və Rusiya səfirliyinə məxsus iki bağ evinin üzərinə həbs qoyulub.