Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib.
B.Qasimi Küveytin Tehrandakı müvəqqəti işlər vəkilinin Küveyt dövlətinin İrana qarşı irəli sürdüyü ittihamlarla bağlı XİN-ə çağırıldığını bildirib.
Onun sözlərinə görə, Küveytin müvəqqəti işlər vəkilinə bildirilib ki, İran İslam Respublikası ölkədəki diplomatik nümayəndələrin sayının azaldılması ilə bağlı oxşar addım atmaq hüququnu özündə saxlayır.
"Küveytin İranla bağlı iddiaları əsassızdır. Təəssüfedici haldır ki, Küveyt rəsmiləri bu həssas dövrdə səmərəsiz gərginliklərdən çəkinmək, regionda macəra axtaran tərəflərin təzyiqləri və şirinləşdirici vədləri qarşısında təmkinli olmaq əvəzinə, bu kimi boş vədlərə müsbət reaksiya verir və İran İslam Respublikasına qarşı boş ittihamlar irəli sürür", - deyə B. Qasimi Küveytin müvəqqəti işlər vəkilinə bildirib.
B.Qasimi deyib ki, Küveyt müvəqqəti işlər vəkilinə iddia olunan məsələ ilə bağlı İranın heç bir əlaqəsinin olmadığı və bu barədə əvvəlcədən Küveyt rəsmilərinə məlumat verilib.
Qeyd olunub ki, İran region ölkələri, o cümlədən, Küveytlə ən ağır günlərdə belə həmişə məsuliyyətli davranıb.
Küveytin Tehrandakı müvəqqəti işlər vəkili baş vermiş son hadisələrdən təəssüfləndiyini bildirib və qeyd olunan məsələləri tez bir zamanda ölkəsinin rəhbərliyinə çatdıracağını deyib.
Qeyd edək ki bundan əvvəl İranın Küveytdəki səfirliyinə rəsmi nota verilib, hərbi və mədəniyyət məsələləri üzrə attaşelərin aparatlarının bağlanılması haqqında bildiriş göndərilib. Diplomatik missiyanın 15 üzvünə 45 gün ərzində ölkəni tərk etmək göstərişi verilib. Nəticədə bundan sonra İran səfirliyində 4 diplomat fəaliyyət göstərəcək.
Küveyt-İran hökumətlərarası komissiyasının fəaliyyəti də dayandırılıb. Bu addımlar Küveyt məhkəməsinin müvafiq qərarından sonra atılıb.
Bu arada Küveyt məhkəməsi “Əl-Əbdali” qruplaşmasının üzvlərinə həbs cəzası verib. İstintaqın qənaətinə görə, qruplaşmanın üzvləri “Hizbullah” təşkilatının himayəsi altında İranda təlimlər keçiblər.
/APA/