19 Dekabr 2017 02:19
1 015

Türkiyənin Dikili bələdiyyə sədri gənc qadına təcavüz etməkdə günahlandırılır.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, 2014-cü ildən bəri Dikili bələdiyyəsində çalışan 33 yaşlı Dəniz Canpolad bələdiyyə başçısı Mustafa Tosun tərəfindən təcavüzə məruz qaldığını iddia edib. Hazırda işdən çıxarılan qadın özü və qardaşının işə qaytarılması üçün məhkəməyə müraciət edib.

O, bu il iyulun 17-də gecə növbətçisi ikən bələdiyyə sədrinin öz otağında ona hücum çəkdiyini deyib: “Əlini kürəyimə atdı, əlimdən tutub qucağında oturtmağa çalışdı. “Çox gözəlsən, səninlə görüşək” dedi. Bəhanə ilə çölə çıxdım. İş yoldaşım mənim pis vəziyyətdə olduğumu görüb sorğu-sual etdi. Titrəyirdim, ağlaya-ağlaya vəziyyəti izah elədim”.

Dəniz Canpolad hadisə baş verən ərəfədə qardaşının toyu olduğu üçün polisə gec şikayət etdiyini söyləyib: “Fikrimizdən daşınmaq üçün bizə basqı göstərdilər, işdən çıxarmaqla hədələdilər. Məcbur qalıb şikayətimizi geri götürdük, 2 həftə sonra ikimizi də işdən çıxardılar. Bizi üzləşdirəndə içkili vəziyyətdə gəlmişdi. Mənə bələdiyyə sədri yox, başqası da təcavüz edə bilərdi. Qadınlar susmamalı, susdurulmamalıdır. Qorxmadan mübarizə aparacağam”.

Mustafa Tosun isə iddiaları rədd edərək, bunun ona qarşı qurğu olduğunu dilə gətirib. Bələdiyyə sədri sözügedən işçiyə işini düzgün görmədiyi üçün xəbərdarlıq etdiyini və Dəniz Canpoladın bunun əvəzində onun siyasi rəqibləri ilə əlbir olub ona qarşı qarayaxma kampaniyası apardığını irəli sürüb.


Müəllif: Kəmalə