Tehranda polisin keçirdiyi əməliyyat zamanı 230 gənc qız və oğlan yaxalanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Tehranın əxlaq təhlükəsizliyi polisinin rəisi polkovnik Zülfüqar Bərfər jurnalistlərlə görüşündə məlumat verib.
Polis rəisi bildirib ki, paytaxtın iki məntəqəsində qız və oğlanların birgə qatıldığı iki qonaqlıq barədə onlara xəbər daxil olan kimi polis əməkdaşları həmin yerlərdə əməliyyata başlayıb: “Qonaqlıqlardan biri Tehranın Ləvasan məntəqəsində bir bağ evində keçirilirdi. Polis əməkdaşlarımız həmin bağ evinə daxil olarkən alkoqollu içkilər qəbul etmiş 140 qız və oğlanı ələ keçdi.
İkinci qonaqlıq isə paytaxtın Fərmaniyyə məntəqəsində bir evdə təşkil olunmuşdu. Əməkdaşlarımızın həmin evdə keçirdiyi əməliyyat zamanı İnstaqram sosial şəbəkəsi vasitəsilə canlı olaraq öz şəkillərini paylaşıb, başqalarını da bu qonaqlığa dəvət edən daha 90 qız və oğlan birlikdə şənlənərkən yaxalandı”.