Amerikalı məşhur şou aparıcısı Oprah Vinfreyin 2020-ci ildə ölkədə keçiriləcək prezident seçkilərinə hazırlaşdığı iddia edilir.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN telekanalı Vinfreyə yaxın şəxslərə istinadən edərək məlumat yayıb. Qeyd olunur ki, aparıcının ətrafı da onu seçkilərdə iştiraka sövq edirlər.
Demokrat Partiyasının 2018-ci ildə namizədinin adını açıqlayacağı bildirilsə də, hələlik bu düşərgədə iddiasını açıq şəkildə ortaya qoyan yoxdur.
Vinfreyin aparıcı kimi imic və mövqeyinin Demokrat Partiyasına uyğun gəldiyi qeyd edilir. Bununla belə onun dərin siyasi təcrübəsinin olmaması zəif cəhətlərindən biri kimi diqqət çəkir.
2017-ci il dekabr ayında "Bloomberg"ə müsahibəsində jurnalistin "Çox net şəkildə görünür ki, ABŞ-da prezident olmaq üçün təcrübəyə ehtiyac yoxdur" qeydinə Vinfrey belə cavab verib: "Siyasi təcrübəmin olmadığını düşünürdüm, amma Tramp prezident seçiləndən sonra ölkədə baş verənləri görüncə fikrim dəyişdi".
ABŞ-da ən çox gəliri olan tele-aparıcı kimi tanınan Vinfrey öz adını daşıyan tolk-şou proqramının müəllifidir.
"Azadlıq" medalı ilə təltif olunmuş Oprah Vinfrey Harvard Universitetinin fəxri doktorudur.