Amerika prokurorları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 11 mühafizəçisinə qarşı irəli sürdüyü ittihamı geri götürüb.
Teleqraf.com xəbər verir ki, hazırda ABŞ-da Prezident Ərdoğanın 4 mühafizəçisinə qarşı ittiham irəli sürülüb.
Xatırladaq ki, ötən il Prezident Ərdoğan Vaşinqtona səfər etmişdi. Səfər zamanı PKK tərəfdarları və erməni millətçiləri Türkiyənin Vaşinqtondakı səfirliyi önünə toplaşaraq Ərdoğanın səfərinə etiraz edib, terrorçuların bayrağını qaldırıb və nalayiq sözlər işlətməyə başlayıb. Bu zaman prezidentin mühafizəçiləri ilə terror tərəfdarları arasında əlbəyaxa dava düşüb.
Prezident və mühafizəçiləri ABŞ səfərini başa vurduqdan az sonra bəlli olub ki, Vaşinqtonda prezidentin 15 mühafizəçisinə qarşı ittiham hazırlanır.
İndiki mərhələdə ABŞ hüquq-mühafizə orqanlarının Ərdoğanın 11 mühafizəçisi haqda ittihamı geri çəkməsi ABŞ-Türkiyə əlaqələrini yumşaltmaq məqsədilə atıldığı ehtimal edilir.