XX əsrdə baş verən müharibələr, siyasi böhranlar, qarşıdurmalar kəşfiyyat fəaliyyətinin əhəmiyyətini artırıb. Və beləcə əsl casus müharibələri yaşanıb. Ancaq dünya sakinlərinin böyük bir qismi casus müharibələri və fəaliyyətindən hələ də xəbərsizdir.
Teleqraf.com XX əsrin ən məşhur casuslarından bir neçəsinin dosyesini oxuculara təqdim edir:
Mata Hari I Dünya Müharibəsi zamanı Almaniya üçün casusluq edib. Əsas işi isə rəqqasəlik olub. Hollandiyalı Harinin əsl adı Marqarita Zelleydir. Fransa, İngiltərə və Rusiya zabitləri, dövlət adamlarından məxfi xarakterli hərbi informasiyalar toplayıb. Bu informasiyaları “Qızına yazdığı məktub” adı ilə Almaniya kəşfiyyatına çatdırıb. Sonradan Fransa kəşfiyyatı Mata Hari haqqında informasiya əldə edə bilib. Fransa 1917-ci ildə Harini edam edib.
Juan Puyol isə tarixdə çox bilinən ikili casus fəaliyyəti həyata keçirib. Barselonada doğulan Puyol II Dünya Müharibəsi zamanı həm də faşist Almaniyasına məxfi informasiya daşıyıb. Alman kəşfiyyatında Puyola xüsusi önəm verilirdi. Amma casus həm də Böyük Britaniya üçün fəaliyyət göstərirdi. İngilis kəşfiyyatı ona “Qarbo” kod adını vermişdi. Alman kəşfiyyatında isə Puyol “Alaric Arabel” kod adı ilə tanınırdı. Ancaq kəşfiyyat oyunları ikili agentin axırına çıxa bilmədi. O, 1988-ci ildə Venesuelanın paytaxtında vəfat edib.
İsser Harel isə Argentinaya qaçan nasist müharibə canisi Adolf Eicvhmanı ələ keçirmək əməliyyatının baş qəhramanı idi. Çoxları onun gənclik dövründə fəaliyyətindən məlumatsızdır. Ancaq Harel İsrail kəşfiyyatına 11 il rəhbərlik edib. Rusiyadan İsrailə köçən İsser Harel 1963-cü ildə istefa edərək MOSSAD-dan ayrılıb. 2003-cü ildə isə Tel-Əvivdə vəfat edib.
Markus Volf isə Şərqi Almaniya kəşfiyyatının əsas simalarından olub. 34 il ərzində iki adlı Volf soyuq müharibə dövrünə damğasını vurub. 1950-1980-ci illər arasında Qərb ölkələrində 4 minə qədər casus yetişdirən Volf agentlərini seçərkən gözəl olmalarına xüsusi diqqət yetirirdi. Kəşfiyyat fəaliyyətində əsas strategiyası dövlət idarələrində katibələrin zəif nöqtələrindən yararlanmaq olub. Bu səbəbdən də Volfun casuslarına həm də “Romeo agentləri” deyilir. Volf 83 yaşında Berlində vəfat edib.
Rixard Zorge isə II Dünya Müharibəsindən əvvəl Yaponiyada iş başındakı SSRİ casusu idi. Ən uğurlu casuslar siyahısına düşən Zorgenin kod adı “Ramzey” olub. Almaniya və Yaponiyada jurnalist kimi işləməklə parallel casusluq fəaliyyətini davam etdirib. 1941-ci ildə Tokioda həbs edilən Ramzey 1944-cü ildə edamn olunub. Həbs edildikdən sonra Sovet ittifaqı ilə əlaqələrini qətiyyətlə rədd edib. Ancaq ölümündən 20 il sonra KQB ona sahib çıxaraq öz yetirməsini qəhrəman elan edib.
Onu da qeyd edək ki, Zorge 1895-ci ildə Bakıda dünyaya gəlib.
Kristina Skarbek Polşada doğulmuşdu. Ancaq II Dünya Müharibəsi zamanı İngiltərə kəşfiyyatı üçün çalışıb. Faşist işğalı altında olan Polşa və Fransadan əldə etdiyi məxfi informasiyaları Londona çatırırdı. Londonda onun əldə etdiyi informasiyalar digər mənbələrdən dəqiqləşdirilmirdi. Əldə etdiyi məxfi informasiyaların hamısı doğru çıxmışdı və London üçün etibarlı casus hesab olunurdu. Eyni zamanda İngiltərə üçün ən uzun müddətli xidmət edən qadın casuslardan biri idi. Sonradan Londona köçərək həyatının sonuna qədər bu şəhərdə yaşamaq qərarını verib. Lakin 1952-ci ildə onu Londondakı otellərdən birində bıçaqlayaraq öldürdülər.
Casuslar haqqında danışarkən amerikalı Ethel və Culius Rozenberq cütüyünü əsla yaddan çıxarmaq olmaz. Cütlük ABŞ-ın atom bombası və nüvə sirlərini SSRİ-yə satmaqda ittiham edilib. 1953-cü ildə cütlük haqqında edam cəzası kəsilib. Onlar elektrik masasında edam olunub. Bu edam həmin dövrdə böyük qalmaqala səbəb olub. Cütlük ABŞ Kommunist Partiyasının üzvü olub. Onlara verilən ittihamın nə dərəcədə doğru olduğu isə uzun illər müzakirə mövzusu olub. İllər sonra onların SSRİ ilə xəbərləşməsi deşifrə edilərək ictimaiyyətə açıqlanıb. Culius Rozenberqin aktif casusluq fəaliyyəti göstərdiyi ortaya çıxıb. Lakin xanımı Ethel Rozenberqin casus olmasına dair heç bir dəlil əldə olunmayıb.