11:51
Rusiyalı diplomatların olduğu ikinci təyyarə ABŞ-ı tərk edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, diplomatların və onların ailə üzvlərinin olduğu təyyarəni Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov yola salıb.
Təyyarə Dallas aeroportundan havaya qalxıb. Son rəqəmlərə görə, artıq 171 diplomat və onların ailə üzvləri ABŞ-ı tərk edib.
Qeyd edək ki, martın 4-də sabiq rus casusu Sergey Skripal və qızı Yuliya İngiltərədə hücuma məruz qalıb. Kimyəvi hücum nəticəsində həmin şəxslər iflic olub.
Britaniya bu hücuma görə məsuliyyəti Rusiyanın üzərinə atıb və 23 rus diplomatı ölkədən çıxarıb. Rusiya Londonun bu addımına analoji cavab verib.
Martın 26-sı isə ABŞ və bir sıra Avropa Birliyi ölkələri Londona dəstək məqsədi ilə rus diplomatların ölkədən çıxarılmasına qərar verib. Beləliklə, Rusiyaya qayıdacaq diplomatların ümumi sayı 151-ə çatıb.
***
"Skripal işi" ilə əlaqədar ABŞ-dan çıxarılan rus diplomatların olduğu təyyarə Moskvanın Vnukova aeroportuna eniş edib.
Məlumatlara görə, həmin şəxslər arasında Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin 14 diplomatı da var.