II Dünya Müharibəsi zamanı nasist Almaniyası fürer Adolf Hitlerin göstərişi əsasında yəhudiləri gettolara toplayır, mümkün qədər məhv edirdi. Ancaq tarixi faktlar göstərir ki, Nasist Partiyasının üzvü olan bir şəxs Hitlerin bu göstərişinin əleyhinə çıxaraq, məxfi şəkildə yəhudiləri qoruyub, onların öldürülməsi və işgəncələrə məruz qalmasına imkan verməyib.
Teleqraf.com bu dəfə minlərlə yəhudini qorumağı bacaran və bu yolda milyonlarla dollarından, fabrik və almaz daş-qaşlarından keçən Oskar Şindlerin dosyesini təqdim edir:
Oskar Şindler 1908-ci ildə Avstriya-Macarıstan İmperatorluğunun vilayəti olan Morviyanın Svitavi əyalətində doğulub. Etnik baxımdan katolik və alman olan Şindler II Dünya Müharibəsi zamanı azı 1200 yəhudini Polşadakı ölüm düşərgəsi adlandırılan Auschvitzdə məhv olmaqdan xilas edib. Şindler 1936-cı ildə Alman Ordusunun daxili kəşfiyyat idarəsində işləməyə başlayıb. 1939-cu ildə Nasist Partiyasına üzv olub. Həyatın gözəlliklərindən zövq almağı bacaran Şindler fürsətcil iş adamı kimi müharibə zamanı insanları xilas etmək və onları ölümdən qurtaracaq bir şəxsə əsla bənzəməyib.
Polşaya köçdü: yəhudi qul əməyindən istifadə
Almaniya Polşanı işğal etdikdən sonra Şindler Krakova köçdü. Almanların işğalı altında olan Polşada onun şirkətləri dövlət proqramından istifadə etməyə başladı. 1939-cu ildə kəşfiyyatçı və iş adamı Polşada yəhudi idarəçiliyində olan bir fabriki satın aldı. Şindler əlavə iki fabrik işlətməsinə baxmayaraq, yəhudi mülki olan fabrikində əsasən Krakov gettosunda olan yəhudilərdən qul kimi istifadə etməyə başladı. 1943-cü ildə Şindler yəhudi işçilərə gecəni nisbətən təhlükəsiz olan fabrikdə keçirmələrinə icazə verdi. 1944-cü ildə onun fabrikində azı 1700 yəhudi işləyirdi. Bunlardan min nəfəri Plaszov gettosundan gətirilərək, burada işlədilən yəhudilər idi.
Yəhudi əsirlər Plaszov gettosunda ağır işgəncələrə məruz qalsalar da, Şindler rüşvət və fərdi diplomatiyası vasitəsilə yəhudilərin hüquqlarını müdafiə edir, onlarla Gestapo nümayəndələri arasında vasitəçilik həyata keçirirdi. Şindler işçilərini qorumaq, daha çox yəhudini toplama məntəqəsindən almaq üçün onların rəhbərlik etdiyi silah fabriki üçün əhəmiyyətli olduğunu bəyan edir, bir növ şantaj yolu ilə daha çox yəhudini gettodan alaraq fabrikinə gətirirdi.
Qərar verdi: xilas edəcək
Şindler həm Nasist Partiyasının üzvü olduğu üçün, həm də hərbi kəşfiyyata işlədiyi üçün, yəhudilərin başına hansı oyunların gətirildiyindən, onların necə işgəncə ilə öldürüldüyündən xəbərdar idi. Bu səbəbdən də yəhudiləri mümkün qədər daha çox müdafiə etməyi üstün tuturdu. Bu yolda milyonlarını xərcləməkdən çəkinmədi.
Onun silah fabrikində min yəhudi işləyirdi, ancaq Şindler daha 450 yəhudi əsirin fabrikdə işləməsi üçün cəhd etdi və buna nail oldu. Beləcə, 450 yəhudi də gettoda deyil, fabrikdə yaşamaq, əslində isə sağ qalmaq şansı əldə etdi.
SS və Gestapo onu 3 dəfə həbs etdi...
Şindlerin bəzən açıq formada yəhudiləri müdafiə etməsi, onlara qarşı zorakılığa etiraz etməsi, fabrikdə olan əsgərlərin yəhudiləri döyməsi və işgəncəyə məruz qoymasına imkan verməməsi ona qarşı ciddi şübhələrə yol açmağa başladı. Artıq, SS və Gestapo Şindlerin yəhudilərə qanunsuz və səlahiyyətini aşaraq köməklik göstərməsindən şübhələndi. Və Şindler bu dövrdə 3 dəfə SS və Gestapo tərəfindən həbs edildi. Lakin ona qarşı hər hansı bir ittiham irəli sürülmədi. Çünki ortaya fakt qoya bilmədilər. Sözsüz ki, burada Şindlerin rüşvət verdiyi zabit və müstəntiqlərin passivliyi də rol oynadı.
Müharibə bitdi, minlərlə yəhudi xilas, Şindler isə müflis oldu
Şindler 1944-cü ildə fabrikini Moravyada yerləşən Brnenecə köçürmək imkanı əldə etdi. Köməkçilərindən biri yeni fabrikdə işləmək üçün 1200 nəfərlik yəhudi əsir siyahısını hazırladı. Zaman keçəcək, müharibə qurtaracaq və bu tarixə “Şindlerin siyahısı” və ya “Şindlerin yəhudiləri” kimi daxil olacaqdı. Qəribədir ki, yeni fabrik silah və mərmi istehsal etməli olsa da, səkkiz aylıq fəaliyyətin nəticəsi olaraq, cəmi bir qatarlıq silah istehsal etmişdi. Reallıqda isə saxta istehsal rəqəmlərini irəli sürən Şindler bunu alman məmurlarının təsdiqindən keçirə bilmişdi. Müharibənin başa çatmasına az bir müddət qaldıqda artıq, Şindler müflis olmuşdu. Çünki o, fabriklərində silah istehsal etmirdi, mümkün qədər daha çox yəhudi əsiri fabriklərə gətirmək və işlətmək görüntüsü yaratmağa çalışırdı. Bunun üçünsə, bütün var-dövlətini xərcləyirdi.
Ya yəhudiləri öldürün, ya da evinizə kişi kimi gedin
Müharibənin başa çatmasına, Hitlerin məğlub olmasına az müddət qaldıqda fürerin əmri ilə yəhudilər məhv edilirdi. Ancaq Şindler onun himayəsi altında olan yəhudilərin öldürülməsinə imkan vermədi. O, son dəfə çıxışı zamanı işçilərinə azad olduqlarını söylədi, ətrafındakı alman əsgərlərini isə evlərinə getmələrini tövsiyyə etdi: “Sizə əmr edilib ki, yəhudiləri məhv edəsiniz. Budur, yəhudilər qarşınızdadır. Ya məhv edin, ya da evinizə kişi kimi dönün”.
Alman əsgərləri Şindlerin məşhur çıxışından sonra fabriki tərk etdi. Ancaq Şindler yəhudilərin qarşısında bəyan etdi ki, çıxışından sonra 5 dəqiqə onlarla qalacaq və daha sonra qaçacaq:
“Mən Nasist Partiyasının üzvüyəm, qul əməyindən istifadə etmişəm. Yəqin ki, məni həbs edəcək, daha sonra güllələyəcəklər. Odur ki, mən tez bir şəkildə getməliyəm”- deyə Şindler xilas etdiyi yəhudilərə dedi.
O, çıxışından 5 dəqiqə sonra qaçmaq istəyərkən yəhudilər qarşısını kəsdi və minlərlə yəhudinin imzaladığı mürciət ona təqdim edildi. Müraciətdə Oskar Şindlerin minlərlə yəhudini ölümdən qurtardığı, onlara hər cür dəstək verdiyi ifadə edilir və Şindlerin həbsinin “Şindler yəhudiləri” üçün arzu edilən olmadığı vurğulanırdı.
Yəhudi soyqrım abidəsində adı həkk edilən yeganə nasist Şindler
Müharibə bitdikdən sonra Şindler Münhenə köçdü, lakin burada uğursuz oldu. 1949-cu ildə Argentinaya köç etdi. Amma burada da uğursuz iş adamı taleyi yaşadı. Bu səbəbdən təkrar Almaniyaya qayıtdı. 1962-ci ildə Şindlerin adı İsraildə Yəhudi Soyqırımı qurbanlarına həsr olunmuş Yad Vashem abidəsində Yəhudi Soyqırımı sırasında yəhudilərə kömək edən və yəhudi olmayanları göstərən “digər xalqlardan ədalətli insanlar” adlı abidədə qeyd olundu. Bu abidədə adı yer alanlar çox böyük şəxsi risk alaraq yəhudiləri qurtaran, amma yəhudi olmayan insanlardır. Şindler Nasist Patiyasının üzvü olub və bu abidədə adı yer alan tək insandır.
Nasist Partiyasının üzvü dəfn üçün Almaniyadan İsrailə aparıldı
Oskar Şindler 1974-cü ilin 9 oktyabrında 66 yaşında Frankfurtda vəfat etdi. Vəfat etməmişdən öncə “Şindlerin siyahısı”nda adı olan Poldek Pfefferberg-ə Qüdsdə basdırılmaq istədiyini söyləyib. Bu istəyin səbəbini “Mənim uşaqlarım burada” sözləri ilə əsaslandırıb. O, Qüds-ün Sion Dağındakı Katolik məzarlığında dəfn edildi.
1999-cu ildə bir vaxtlar Şindlerin dostlarına aid olan bir evin tavanında tapılan bir çantada Oskar Şindlerə aid 7 min sənəd və fotolar tapıldı. Yerli qəzet “Stuttgarter Zeitung” bu çantanın içindəkiləri incələdi. Daha sonra orjinal sənədlər Yad Vashem, İsraildə olan Holokost muzeyinə, kopyaları isə Şindlerin həyat yoldaşı Emilie Şindlerə göndərildi. Bu sənədlər arasında Şindlerin qurtardıqları insanların siyahısı və “ öz yəhudilərini” azad etmədən öncə etdiyi çıxışın mətni yer alırdı.