"ESET" şirkətinin mütəxəssisləri mobil bankçılıq istifadəçilərini hədəf almış yeni fırıldaqçı sxem aşkar ediblər. "Quql Pley" mağazasında 21 bankın müştəriləri üçün "universal mobil proqram" peyda olub.
Teleqraf.com "ICTnyus"-a istinadən xəbər verir ki, proqram polşalı istifadəçiləri hədəf alıb. "Universal Banking Poland" proqramı 21 internet bankçılıq sistemində şəxsi kabinetlərə giriş təklif edir. İstifadəçiyə siyahıdan hesaba malik olduğu bankı seçmək, xüsusi formaya loqin və parolu daxil etmək təklif edilir.
Daxil edilmiş məlumatlar kənar serverə göndərilir və hesablardan vəsait oğurlamaq məqsədilə istifadə edilir. Mobil proqram iki mərhələli autentifikasiyanı keçir: istifadəçi vəsaitin çıxarılması haqda bankdan göndərilən SMS mesajları görmür, çünki hakerlər mesajlara girişi ələ keçirirlər.
"Universal Banking Poland" proqramı "Quql Pley" mağazasında 20 martda yerləşdirilib. Sözügedən mobil proqram "ESET" şirkətinin xəbərdarlığından sonra mağazadan silinib, amma əvvəlki kimi kənar resurslarda əlçatandır.