5 İyun 2018 12:51
1 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda edam məsələsinə yanaşma fərqlidir. Əgər xoşu gəlmirsə, İran hakimiyyətinin məhkəmə sistemi istənilən şəxs barədə edam hökmü çıxara bilir.

Bunu İranda cəza növləri barədə Teleqraf.com-a açıqlamasında politoloq Sədrəddin Soltan belə deyib.

Politoloq İranda hələ də bir sıra sərt cəza və edam növlərinin qaldığını bildirib:

“Türkiyədən deportasiya edilən iki gəncin taleyinə gəlincə, onların İranda hansı cinayət xarakterli addımları atdıqları bəlli deyil. Həmin gənclər polisə yalvardılar ki, onları deportasiya etməsinlər, İranda edam edilə bilərlər. Qadının başı açıq idi, oğlanın isə bədənində tatu vardı. İran bu kimi məsələləri “Qərbin pis adət-ənənəsi” kimi qəbul edir. Bu ənənələri təbliğ edənlərə qarşı cinayət işi açılır. Həmin gənclərə də geyim qaydalarına əməl etmədiklərinə görə, müxtəlif cəzalar verə bilərlər. Amma mümkündür ki, onlar İranda edam hökmü verilə biləcək əməllər törədiblər və bunu açıqlamırlar. Ümumiyyətlə, iranlı gənclər ölkədən qaçmağa çalışırlar. Çünki İranın mövcud sistemi gənclərin fəaliyyətlərini və sərbəstliklərini məhdudlaşdırır. Digər yandan da sosial problemlərin ağırlaşması da, gənclərin İrandan qaçmasına gətirib çıxarır”.

Sədrəddin Soltan qeyd edib ki, İranda zinaya, terror fəaliyyətlərinə, narkotiklərin qanunsuz ticarətinə, rejimə qarşı çıxışlara və başqa məsələlərə görə edam cəzaları verilir: “Qərb mədəniyyətinin təbliğinə görə isə İranda edam hökmü verilmir, bununla bağlı müxtəlif cəzalar var. Amma son zamanlarda rejim geyimlərlə bağlı insanlara sərbəstlik verməyə çalışır. Məsələn, qadınlara saçlarını örtüklərin altından müəyyən qədər çıxarmalarına icazə verilir. İran hakimiyyəti bəzən bu məsələlərin üzrinə o qədər getmir, amma gözlənilmədən də əxlaq polisi vasitəsilə bu adamları “tərbiyə” etməyə başlayır.

Hər yay mövsümündə isə İranda geyimlərin sərtəşdirilməsi ilə bağlı kampaniyalar keçirilir. Bu kampaniyanı təşkil edənlər geyim normalarını pozanları cəzalandırır. Türkiyədən çıxarılan gənclərə gəlincə, görünən budur ki, onların əsas problemləri geyimlərlə bağlıdır. Buna görə də, İranda onlara müxtəlif cəzalar, işgənclər verilə bilər. Hətta, “casus” damğası vurub edam da edə bilərlər. Çünki İran hakimiyyətinin məhkəmə sistemi şəffaf deyil. Bu baxımdan İranda onlar üçün təhlükə var”.

Politoloqun sözlərinə görə, İrandakı edamlar arasında daş-qalaq etmək, Yaponiya istehsalı olan avto-kranlardan asmaq kimi cəzalar var: “Əvvəllər əl və qol kəsmək var idi, amma son zamanlarda bu azalıb. Bir müddət beynəlxalq təşkilatların xəbərdarlıqlarına cavab verən İran hakimiyyəti edamları dayandırdığnı açıqladı. Amma sonradan məlum oldu ki, dayandırmayıb.

İnqilabın ilk illərində güllələmə vardı. Hazırda demək olar ki, İranda cəlladlıq (baş kəsmək) yoxdur. İndi ən məşhur edam növləri avto-kranlardan asamaq və güllələməkdir. Bir sıra hallarda da, dar ağacları qurulur. Ən pisi isə budur ki, güllələnmə istisna olunmaqla, digər edamlar kütlənin gözü qarşısında icra edilir. Şallaqlamaq cəzası da qalır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər