1980-ci illərdə SSRİ-nin Liviyadakı səfirliyinin hərbi attaşesi paytaxt Tripolidən 5 kilometr aralıda yerləşən ABŞ hərbi bazası yaxınlığında ölü tapılır. Diplomatın odlu silahdan açılan atəş nəticəsində həyatını itirdiyi məlum olur. Həmin hadisə bu günədək müəmmalı olaraq qalmaqdadır.
Olayın canlı şahidlərindən biri 1983-89-cu illərdə SSRİ-nin Liviyadakı səfirliyində ikinci katib və “Aqentstvo peçatı “Novosti” – APN, indiki “RİA Novosti”nin yerli bürosunun rəbəri işləyən Rasim Ağayevdir.
R.Ağayev həmin hadisə barədə Teleqraf.com-a açıqlama verib. O deyib:
“Həmin gecə telefon zənginə yuxudan oyandım. Dedilər, təcili səfirliyə gəl. Dedim, nə məsələdir? Dedilər, hərbi attaşeni öldürüblər, meyidi də öz maşınının yaxınlığındadır. Səfir, milliyyətcə erməni olan Poqos Akopovla birgə hadisə yerinə getdik. Orda amerikalıların bazasının yerləşdiyi xüsusi zona var idi. Onu da deyim, amerikalılar Müəmmar Qəddafiyə demişdilər ki, bu baza qalacaq. Əgər çıxarılsa, münasibətlərimiz pozulacaq. Onların orada hansısa vacib silahları var idi. Bizim diplomat da gedib bazanın ətrafında hərlənirmiş. Bu zaman Liviya inqilab ordusunun əsgərləri bunu vurublar. Özü də bunu gizlətmədilər. İzahat istəyəndə səfirlə mənə açıq-aşkar dedilər ki, “Biz vurmuşuq. Dəfələrlə demişik ki, hər yerə burnunuzu soxmayın”. Biz dedik, o ola bilsin yolu azıb. Dedilər, “Bizə yox da. Hər gün gedib-gəldiyi yoldur. Necə yəni azıb? Azıb, dayansın, yaxınlaşsın bizim hərbçilərə, biz ona adam qoşaq, yolu göstərsin”. Baxdıq ki, düz deyirlər. Çünki o, təcrübəli adam idi, yolu tanıyırdı. Digər tərəfdən, hər gün gedib-gəldiyi yol idi”.
R.Ağayev qeyd edib ki, attaşenin hərbi bazanın yaxınlığında nə etdiyini heç kim bilmədi:
“Ya foto çəkirmiş, ya kiminləsə görüşürmüş. Hərbçilər yaxşı bilirdilər. Bəlkə də amerikalılarla birgə işləyirmiş, yəni ikili agent imiş. Biz Moskvaya bu barədə məruzə etdik. Onlar məsələni sakitcə ört-basdır etdilər. Məlum oldu ki, attaşe hansısa başqa yerlərin tapşırığını yerinə yetirirmiş. Belə bir adamın öldürülməsi bəlkə də SSRİ-yə sərf edirdi. Əks-təqdirdə böyük hay-küy olardı. Hay-küy olmadı. Onun həyat yoldaşını da tez bir zamanda Moskvaya yola saldılar”.