6 İyun 2018 22:57
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Berlində yeni diplomatik fəaliyyətə başlayan ABŞ səfiri Riçard Qrenelli Avropada yüksələn mühafizəkar atmosferdən məmnun olduğunu və sağ mühafizəkar siyasətçilərə dəstək verəcəyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, səfirin bu açıqlaması ciddi narahatlıq doğurub.

“Avropa qitəsində mühafizəkarlıq dalğasının inkişafı həyəcan verir. Avropanın sağçı hökumətləri və çiçəyi burnunda sağçı liderləri gücləndirməyi özümə vəzifə hesab edirəm”, - deyə səfir bildirib.

ABŞ diplomatı hətta güclənməsini istədiyi siyasətçinin də adını çəkib: “Avstriyanın baş naziri Sebastian Kurizə dərin hörmət və heyranlıq bəsləyirəm. 31 yaşlı bu siyasətçini bir “rok” ulduzu kimi görürəm”.
Alman ordusundan danışan ABŞ səfiri Berlinin müdafiə xərcləri siyasətini kəskin tənqid edərək bildirib ki, Almaniya xəsis maliyyə səbəbindən zəif orduya malikdir.

Səfirin bu açıqlamalarından sonra Berlində ciddi etirazlar ifadə edilib. Almaniya Xarici İşlər Nazirliyi səfirdən izahat gözlədiyini vurğulayıb. Eyni zamanda səfir Riçard Qrenelli Xarici İşlər Nazirliyinə dəvət olunub.

Sosial Demokrat Partiyasının (SDP) Bundestaqdakı fraksiya lideri Rolf Mutzeniç diplomatın başqa bir ölkənin daxili işlərinə qarışmamasını vacib sayan 1961-ci il Vyana razılaşmasını pozduğunu söyləyib.

SDP-nin sabiq lideri Martin Şuls isə ABŞ səfirinin vəzifədən çıxarılması vacibliyini vurğulayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər