Cinsi təcavüz cinayətinə görə edam cəzası verilməlidir. Türkün törənində qadına təcavüz cinayətinin cəzası edamdır. Biz qadınlar bunu istəyirik.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Millətçi Hərəkat Partiyasının (MHP) Konyadan millət vəkili Esin Kara bəyan edib.
“Qadınların türk siyasi tarixində əhəmiyyətli rolu olub. Son seçkilərdə parlamentə 89 qadın millət vəkilinin seçilməsi bu baxımdan əhəmiyyətlidir. Qadınlara ilk dəfə seçmək və seçilmək haqqı veriləndə parlamentdə cəmi bir qadın deputatımız olub. Bu gün 89 deputatın olması qadınlar üçün çox vacibdir”,- Esin Kara deyib.
Hüquqşünas xatırladıb ki, MHP-nin seçki proqramında uşaq və qadınlara qarşı cinsi istismar, təcavüz və zorakılıq hadisələri verilən əfvlərdən kənarda tutulub:
“Qadınlara təcavüz və zorakılıq cinayətlərini törədənlər əfvə düşməyəcək. Mənim namizədliyim hələ gündəmdə deyildi, amma Adanada 3 yaşlı körpəyə təcavüz olunmuşdu. Mən bir ana olaraq gecə yarısı durub ağladım. Ardından da duyğu və fikirlərimi elektron poçtumla başda Adana deputatımız olmaqla hər kəsə göndərdim. Mənim bu məktubumdan sonra MHP lideri parlamentdə çıxışı zamanı uşaqları istismar edənlərə edam cəzasının verilməsini istədi. MHP olaraq bizim bağışlamayacağımız şeylər var. Türkün törənində təcavüzün cəzası edamdır”.