İranda ABŞ dollarının qiymətinin artması, milli valyutanın sürətlə dəyərdən düşməsi və bunun ölkə iqtisadiyyatına və insanların həyatına mənfi təsirinə etiraz əlaməti olaraq iyunun 25-də Tehranda və daha bir neçə şəhərdə kütləvi etirazlar keçirilib.
Teleqraf.com xəbər verir ki, Tehranda etiraza çıxan on minlərlə dinc aksiyaçı paytaxtın üstüörtülü köhnə bazarı ətrafındakı küçələrdə və “Baharıstan” meydanında – İran parlamentinin qarşısında hökumət qüvvələrinin hücumuna məruz qalıb. Hökumət qüvvələri öz tələblərini deputatların diqqətinə çatdırmaq istəyən dinc etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan və dəyənəkdən istifadə edib. Nəticədə, polislə əhali arasında baş verən qarşıdurmada bir neçə nəfər bədən xəsarəti alıb, onlarla aksiyaçı tutulub.
“Diktatora ölüm”, “Suriyanı burax, bizə gün ağla”, “Nə Qəzzani istəyirik, nə də Livanı, İrana canım qurban olsun”, “Xamneyiyə ölüm”, “İranlı! Yetər artıq, ayağa qalx və öz qeyrətini göstər” və digər şüarlar səsləndirən aksiyaçılar, ölkənin ağır iqtisadi durumuna, hökumətin xarici siyasətinə və ölkədə baş alıb gedən bahalığa etiraz bildiriblər.
Etirazlar həmin gün İranın Şəhriyar, Kərəc, Qeşm adası, Bəndər Abbas və Məşhəd şəhərlərində də keçirilib.