“Eurosport Türkiyə”, “Eurosport 2 Türkiyə”, BBC HD, “SciTech TV”, bir neçə kino, HD idman və “Kidz” kimi uşaq kanallarının Türkiyədə yayım hüququna sahib olan Fatih Oflaz yeddi il öz qızına təcavüz edib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankaranın 17-ci Ağır Cinayətlər Məhkəməsi doğma qızına təcavüz edən iş adamı Fatih Oflazla bağlı qərar çıxarıb. Məhkəmənin qərarı ilə müttəhimə 22 il 6 ay həbs cəzası verilib. F.Oflazın əvvəllər heç bir məhkumluğunun olmaması əsas gətirilərək cəzası 18 il 9 aya endirilib. Ancaq Oflaz qərardan bir qədər öncə İspaniyaya köçüb.
Hazırda 26 yaşı olan heykəltəraş Şira Oflaz 8 yaşından 15 yaşınadək təcavüzə məruz qaldığını bildirib. O, başına gələnlər barəsində anasına danışıb. Sonra isə müalicəyə başlayıb. 3 dəfə intihara təşəbbüş göstərən Şiranın psixoloqu Turgut Kundakçı şahid kimi ifadə verib:
“Şira 30-cu seansda atası ilə üzləşmək istədi, ancaq vəziyyəti izah edə bilmədi. Fatih Oflaza qızının mənə 8-13.5 yaş arasında onun təcavüzünə məruz qaldığını söylədiyini dedim. Oflaz bunu qəbul etdi. Hətta bir müddət Amerikaya gedib 4 seans terapiya olunduğunu söylədi. Bunun səbəbi olan uşaqlığında başına gələn bir hadisəni də Amerikada danışdığını bildirdi. Məndən müalicə üçün kömək istədi. Şiranın tək istəyi normal ata-qız münasibətinin olması idi. Fatih Oflaz olduqca pozitiv idi. Qızına “aramız yaxşı olacaq” dedi. Qızın mənə danışdığı hər şey travmatik yaddaşla əlaqəlidir. Travmatik yaddaş heç vaxt dəyişməz. Oflazın qızı ilə üzləşəndə “yaxşı bir ata ola bilmədim” deyərək ağladığını xatırlayıram”.
Fatih Oflaz məhkəmədə ittihamları qəbul etməyib:
“Xərçəng xəstəsi olduğum dövrdə qızım “mənə “Bebek”dən ev al, ata» demişdi. Aslı (keçmiş həyat yoldaşı-red) məni qızımın da olduğu bir ziyafətə dəvət edərək Çukurcuma məhəlləsində bir ev almalı olduğuma inandırmağa çalışdı. Qəbul etmədim. 15 iyul hadisələrindən sonra Aslı məni qızımın yaşadığı evə dəvət etdi. Gedəndə içəridə qızım, Aslı və bir vəkil vardı. Vəkil mənə mətn uzadıb, qızıma təcavüz etdiyimi, bu səbəblə iş qabiliyyətini itirdiyini və 10 milyon dollar verməsəm, şikayət edəcəklərini dedi. İttihamların hamısı böhtandır”.
Şira məhkəmədə ifadəsində bunları deyib:
“Atam həmişə despot biri olub. 7.5 yaşımdan 15 yaşıma qədər davamlı təcavüzə məruz qaldım. İllərlə buna səsimi çıxarmadım. Sanki bir şey olmamış kimi yaşamağa üstünlük verirdim. O vaxtdan etibarən gecə yuxularım rahat olmadı. Həmişə kabusla oyandım. Atama, məni atamın evinə göndərən anama, buna mane olmadığı üçün qardaşıma və müqavimət göstərmədiyim üçün özümə nifrət etdim. Mənim həyatımı əslində ailəm oğurladı. Bu xəstəliyə məni ömürlük məhkum etdilər. Bunun ən böyük səbəbkarı da atamdır".