Məktəblərdə qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu deyən İranın təhsil nazirinə etirazlar səngimir.
Teleqraf.com xəbər verir ki, Bostanabadın İran parlamentindəki millət vəkili Məhəmməd Vəhdəti nazirin sözlərinə sərt reaksiya verərək onu türklərdən üzr istəməyə çağırıb.
“Yerli dillərin məktəb və universitetlərdə tədris olunması ölkə konstitusiyasına tamamilə uyğundur. Ona görə də təhsil naziri Məhəmməd Bəthayinin yerli dillərin tədrisinin qadağan olunmasına dair verdiyi açıqlama əsassızdır. Görünür, onun konstitusiyadan xəbəri yoxdur, lakin bir nazir kimi konstitusiyanı yenidən oxumalıdır. Hesab edirəm ki, Məhəmməd Bəthayi İranın bütün türklərindən üzr istəməlidir. O, həmçinin konstitusiyanı görməzdən gəldiyi üçün ayrıca üzr istəməlidir”, – deyə millət vəkili Təbrizin yerli saytlarından birinə deyib.
M.Vəhdəti digər millət vəkillərinin məsələyə münasibəti haqda bildirib ki, gələn həftə onlarla təhsil naziri arasında görüş keçiriləcək:
“Görüş zamanı ona xəbərdarlıq edilərək, əsassız açıqlamasının səbəbi soruşulacaq”.
Meşkinşəhrin (Xiyav) millət vəkili Vəli Məliki isə təhsil nazirinin bu açıqlamasını “nazirliyin təbii misiyasına zidd” adlandıraraq onun ixtilaf və nifaq toxumu səpdiyini deyib. Azərbaycanlı millət vəkili nazirə sərt xəbərdarlıq edərək, onu həddini aşmamağa çağırıb.
“Mən bir millət vəkili və ana dili türkcə olan bir şəxs kimi bu dildə danışmağımla fəxr edirəm. Təhsil nazirinə də deyirəm ki, öz həddini bilsin və vəzifə səlahiyyətlərini aşmasın. Biz dilimizi məhdudlaşdıran, onu təhqir edən və ümumiyyətlə, mədəniyyətimizə qarşı uzanan istənilən dili kəsərik. Təhsil nazirini parlamentə çağırıb, ona sual ünvanlamaqla tutduğu vəzifədən uzaqlaşdıra da bilərik. Onda bilər ki, ana dili məsələsi nədir”, – deyə millət vəkili bildirib.
V.Məliki əlavə edib ki, ölkənin şimal-qərb bölgəsinin bütün millət vəkilləri, eləcə də hər bir türk bu açıqlamanı özünə qarşı hücum və hörmətsizlik kimi görür:
“Ona görə də təhsil nazirinə ciddi xəbərdarlıq olunur və olunacaq. O, öz həddini bilməlidir”.
Qeyd edək ki, iyulun 14-də İranın təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırıb. Nazirin bu açıqlaması azərbaycanlıların geniş etirazına səbəb olub.