Ermənistanın Baş naziri Nikol Paşinyan “odla su” arasındadır. Baş nazir bir tərəfdən anlayır ki, ölkəsi Rusiyanın vassalıdır və bu asılılığı azaltmaq üçün hansısa mexanizmləri hərəkətə gətirməlidir. Ancaq digər tərəfdən bu mexanizmlərin hərəkətə gətirilməsi Moskvanın narazılığını artıracaq və bu amil Paşinyanın hakimiyyətini laxladacaq, onun əleyhinə işləyəcək. Keçmiş prezidentlər - Serj Sərkisyan və Robert Köçəryan pusqudadırlar.
Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Paşinyan Rusiya hərbi bazasının “əvvəlcədən razılaşdırılmayan” hərbi təlimlərindən bəhanə kimi istifadə edərək bunun Ermənistana qarşı təxribat mahiyyəti daşıdığını açıqladı:
“Halbuki, rus generallar daha sonra açıqlama verərək, Ermənistanda bu il ərzində planlaşdırılan bütün təlimlərin razılaşdırıldığını açıqladılar. Buna baxmayaraq, Paşinyan Ermənistanın Rusiya və Qərb arasındakı məsafənin balaslaşdırılması fikrindən əl çəkməyərək, indi də Rusiya sərhəd qoşunlarının Ermənistandakı statusuna əl gəzdirmək istəyir. Bu istək Moskvanın Paşinyanın siyasəti haqqında qeyri-müəyyən suallarının sayını artıracaq.
Başqa bir sual da maraqlıdır: Paşinyanın bütün bu addımlarından sonra Ermənistanın baş naziri silah almaq üçün Serj Sərkisyan kimi Moskvadan kredit istəyəcəkmi və Kreml belə bir istəyin qarışılığında İrəvana yenə 200 milyon dollar kredit ayırmağa hazırdırmı?”
Elxan Şahinoğlu qeyd edib ki, Ermənistan Rusiyadan nə qədər çox uzaqlaşarsa bu həm Cənubi Qafqazın, həm də Azərbaycanın xeyrinədir:
“Ancaq bunun baş verəcəyi ehtimalını yüksək qiymətləndirmirəm. Paşinyan hələ ki, Rusiyanın nəbzini yoxlayır, vurnuxur, Qərbin onu dəstəkləyəcəyinə əmin deyil. Ermənistan üçün Rusiyadan qopmaq asan deyil, bəlkə də mümkün deyil. Bunu istəyənlərin ya devrilirlər (Levon Ter-Petrosyan kimi), ya da qətlə yetirilirlər (1999-cu ildə Ermənistan parlamentinin gülləbaran olunması)”.