ABŞ peşman olacaq. Müzakirələrin və sanksiyaların eyni vaxtda olması anlaşılmazdır. Məncə, amerikalılar İran xalqının öz ölkəsində tərəddüd etməsinə nail olmaq məqsədilə psixoloji müharibə arayışındadır.
Teleqraf.com xəbər verir ki, bu fikirləri İran Prezidenti Həsən Ruhani ABŞ-ın ölkəsinə tətbiq etdiyi sanksiyalar haqqında danışarkən deyib.
Prezident Ruhani ABŞ lideri Donald Trampın şərtsiz görüşmək təklifinin gələcək seçkilərdə ABŞ ictimaiyyətinə tirajlamaq və İranda qarşılıq yaratmaq məqsədi daşıdığını bildirib:
“Yenidən sanksiyalar tətbiq edirlər. Nüvə razılaşmasından birtərəfli qaydada çıxır və sonra bizə görüş təklifi edir. Trampın çağırışı ABŞ-da yaxınlaşan seçkilər öncəsi daxili siyasətə hesablanan addımdır. Sanksiyalar tətbiq edilərkən, müzakirəyə dəvət etməyin mənası yoxdur. Müzakirələrin olması üçün bizim şərtimiz qarşı tərəfin sədaqət göstərməsi və nüvə anlaşması öhdəliyinə geri dönməsidir. Bizim müzakirələr üçün öncədən irəli sürəcəyimiz şərt yoxdur”.
İranın hər zaman müzakirələrə açıq olduğunu və bunun əyani sübutunun nüvə anlaşması olduğunu xatırladan Ruhani deyib ki, müzakirələrin təməli sədaqətdir:
“Masanı tərk edib sanksiya tətbiq edən biri ilə necə müzakirə aparacağıq?”
İranın ABŞ-a qarşı tək olmadığını və nüvə anlaşmasının tərəfləri olan digər ölkələrin anlaşmaya sadiq olduğunu deyən İran prezidenti əlavə edib ki, avropalı ortaqları, digər ölkələr əlindən gələni edib, ancaq biz konkret tədbir gözləyirik.
İrana tətbiq edilən sanksiya haqqında danışan Həsən Ruhani bildirib ki, əsl sanksiya 3 aydan sonra başlayacaq:
“Avropa, Çin, Rusiya bizə tətbiq edilən sanksiyalara müqavimət göstərəcəyinə söz verib. Bu şərtlərdə Asiya ölkələri bizim üçün çox önəmlidir. Fəqər Avropa ilə münasibətlərimizin inkişafına heç bir maneə yoxdur”.
Xatırladaq ki, bu gündən etibarən ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar qüvvəyə minib.