ABŞ Prezidentinin müşaviri Con Bolton Rusiyanın Suriyada çətin vəziyyətlə üzləşdiyini və müharibədən sonra bu ölkədə bərpa işlərini həyata keçirmək üçün maddi vəsait axtarmağa başladığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Bolton bu məqsədlə Rusiyanın İranı Suriyadan çıxarmaq səylərini dəstəklədiyini iddia edib.
Amerikalı diplomat keçən ay ABŞ və Rusiya prezidentləri arasında Helsinkidə (Finlandiya) keçirilmiş görüşdə bu məsələ ətrafında müzakirə getdiyini diqqətə çatdırıb:
“İndiki halda ABŞ Suriyadakı qoşunlarını çıxarmaq niyyətində deyil. Bizim əsas məqsədimiz İŞİD kimi terror təşkilatlarını zərərsizləşdirməkdir. Biz eyni zamanda, İranın bölgədəki varlığından da narahatıq. Bunlar bizi Suriyada qalmağa məcbur edən məsələlərdir.
Helsinkidə Vladimir Putin Donald Trampa Rusiya və İranın Suriya maraqlarının üst-üstə düşmədiyini dedi. Biz bu məsələdə Rusiya ilə anlaşa bilərik. Əsas şərt də İranın tamamilə Suriyadan çıxarılmasıdır”.