Türk kəşfiyyatı Suriyanın Lazkiyə şəhərində gizlənən və Suriya kəşfiyyatı ilə əməkdaşlıq edən Yusif Nazikə qarşı əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, Milli İstihbarət Təşkilatının (MİT) Lazkiyədə keçirdiyi məxfi əməliyyat nəticəsində ələ keçirilən Nazik gizlicə Türkiyəyə gətirilib.
MİT əməliyyatı hər hansı xarici kəşfiyyatın informasiya və lojistik dəstəyini almadan keçirib. Əməliyyat zamanı izləmə, müəyyən etmə, saxlama və “əmanətin” Türkiyəyə çatdırılması mərhələləri türk kəşfiyyatçıların özü tərəfindən həyata keçirilib.
Xatırladaq ki, Yusif Nazik 2013-cü ildə Türkiyənin Reyhanlı qəsəbəsində həyata keçirilən terror hücumunda açar rolunu oynayıb. Həmin hücum zamanı 53 türk vətəndaşı şəhid edilib.
Bundan sonra Türkiyə hüquq-mühafizə orqanları Yusif Naziyi axtarışa verib.
Yusif Nazik Türkiyəyə gətirildikdən sonra istintaqa ifadəsi zamanı törətdiyi cinayətləri etiraf edib və Suriya kəşfiyyatı ilə əməkdaşlığını boynuna alıb.
Cinayətkar bildirib ki, Suriya kəşfiyyatından aldığı təlimatlara uyğun olaraq Türkiyədə terror hadisələri törətmək məqsədilə fəaliyyət göstərib, partlayıcı maddələrin Suriyadan Türkiyəyə gətirilməsini , bu partlayıcıları iki avtomobilə yerləşdirilməsini təmin edib.
Bundan başqa, Yusif Nazik Reyhanlıda həyata keçirilən terror hücumunda rol aldığı deyilən suriyalı Nihraç Ural haqqında detallı informasiyalar verib, bu terror hücumunda əli olan digər cinayətkarların adını açıqlayıb.
Terrorçu publika qarşısına çıxaraq Reyhanlıdakı partlayışın onun dostları tərəfindən həyata keçirildiyini də bildirib. Bu barədə əmri Suriya kəşfiyyatından aldığını deyən cinayətkar “Türkiyə dövlətinin əlindən qaça bilmədim, çox peşmanam. Məni Suriyada həbs edib gətirdilər. Suriyadakı dostlarıma müraciət edirəm, nə qədər gec deyil, bu yoldan qayıdın. Türk dövləti sizə sahib çıxar. Suriya dövləti bilsin ki, Türkiyə böyük dövlətdir və bunun hesabını sizdən soracaq” ifadələrini işlədib.