Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşündə İdlib probleminin müzakirə ediləcəyi şübhəsizdir. Nəzərə almaq lazımdır ki, İdlib məsələsi Türkiyə üçün həyati əhəmiyyətli məsələdir və Ankara bu problemlə bağlı tutduğu mövqedə dirənəcək.
Bu fikirləri Teleqraf.com-a siyasi şərhçi Oqtay Qasımov bu gün Soçi şəhərində baş tutacaq Putin-Ərdoğan görüşünün mümkün nəticələri haqqında danışarkən deyib.
Müsahibimiz xatırladıb ki, İdlib məsələsi Astana prosesini başladan İran, Türkiyə və Rusiyanı qarşı-qarşıya gətirib:
“Eyni zamanda artıq İdlib bu üç ölkənin məsələsi olmaqdan çıxaraq böyük güclərin savaş meydanına çevrilib. İdlibdə əməliyyatın keçirilməsi Rusiya, İran və Əsəd rejiminin planı olsa da, buna qarşı çıxan Türkiyədir. Bu da anlaşılandır. Çünki bütün hallarda belə bir əməliyyatın keçirilməsi nəticəsində zərbələr Türkiyəyə dəyəcək. Nəzərə alın ki, İdlib vilayətində 3 milyondan çox insan yaşayır. Baş verə biləcək hərbi əməliyyatlar zamanı insanların ilk qaçacağı yer Türkiyədir. İndiki şərtlər daxilində isə Türkiyənin yeni köç dalğası qəbul etmək, yerləşdirmək imkanı yoxdur. Məhz bu səbəbdən Ankara İdlibdə əməliyyatın keçirilməsinə qarşı çıxış edir.
Digər tərəfdən, İdlib vilayətində Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu fəaliyyət göstərir. Həmçinin Türkiyə burada bəzi silahlı müxalifət qurumları ilə əlaqələrə malikdir. Rusiya, İran və Əsədin hərbi əməliyyatı zamanı Azad Suriya Ordusu da hədəfə alına bilər. Bu mənada İdlib məsələsində Türkiyə və Rusiya fərqli mövqedən çıxış edir. Tərəflərin problemlərin həllinə dair baxışları fərqlidir. Bu mənada Soçidə kifayət qədər ciddi müzakirələrin olacağı gözlənilən olsa da, konkret Türkiyəni razı salacaq nəticəyə gəlinməsi mümkün görünmür. Ən azından Rusiyanın bu günə qədər olan davranışları, son zamanlar İdlib ətrafında həyata keçirdiyi hava əməliyyatları deməyə əsas verir ki, Kremli tutduğu mövqedən geri addım atmaq niyyətində deyil. Amma Türkiyə kimi bir müttəfiqi qazanmaq üçün mümkündür ki, Kremli Ankaranın mövqelərini nəzərə alsın. İndidən konkret fikir bildirmək çətindir. Türkiyə tərəfinin verdiyi açıqlamalardan belə nəticəyə gəlmək olar ki, Soçidə kifayət qədər gərgin müzakirələr olacaq. Amma Türkiyənin dövlət maraqları tələb edir ki, İdlib məsələsində dirəniş göstərsin. Bu Türkiyə üçün həm strateji, həm də taktiki baxımdan vacibdir”.
Oqtay Qasımov Türkiyənin İdlib istiqamətində hərbi hərəkətliliyinin olduğunu deyib, bildirib ki, Ankaranın bu addımı anlaşılandır:
“Burada iki məsələ var. Astana formatı çərçivəsində əldə olunan razılaşmaya əsasən, Türkiyə İdlibdə müşahidə məntəqələri qurmalı idi. Bu günə qədər Ankara İdlibdə 12 müşahidə məntəqəsi qurub, üstəlik bu istiqamətdə müəyyən miqdarda hərbi kontingenti var. Son günlər Türkiyədə hərbi fəallıq, qüvvələrin Suriya ilə sərhəddə toplaşmasında məqsəd həm terrorçuların Türkiyəyə sızmasının qarşısını almaq, həm də ola biləcək köç dalğasını Suriya sərhədlərində saxlamaq, köçkünləri orada qarşılamaqdır. Nəzərə alın ki, Türkiyə özü azad etdiyi bir neçə ərazidə qaçqın düşərgələri hazırlayır və onların həcmini böyüdür ki, gözlənilə bilən köç dalğasını həmin ərazilərdə yerləşdirsin”.