ABŞ-da Donald Trampın qələbə çalması ilə nəticələnən prezident seçkilərinə Rusiyanın kiberhücumlarla müdaxilə etdiyi fikri ilə heç vaxt razı olmamışam. Məsələ ondadır ki, dünyada ən güclü kiberordu ABŞ-a məxsusdur.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Emil Həsənli deyib.
O qeyd edib ki, Birləşmiş Ştatlar proqramlaşdırma sahəsində böyük imkanlara sahibdir. Yəni, ABŞ kimi dövlətdə prezident seçkilərinə müdaxilə o qədər də asan deyil:
“Zənnimcə, “seçkilərə Rusiya müdaxiləsi” bəhanəsi müəyyən məqsədlərə xidmət edir. İlk başdan bildirilirdi ki, bu, demokratların uydurduğu yalandan başqa bir şey deyil. Lakin bu fakt deyil və yalnız iddiadan ibarətdir. Normalda bir iddia panika və ajiotaja səbəb olar. Bununla da məsələ yekunlaşar. Lakin ABŞ Federal Təhlükəsizlik Bürosunun işə qarışması və araşdırmanın indiyə kimi davam etməsi şübhəlidir. Əgər Trampın prezident seçilməsinə kibermüdaxilə səbəb olubsa, bunu yoxlamaq elə də uzun zaman tələb etmir. Qısası, hesab edirəm ki, burada məqsəd tamam fərqlidir”.
E.Həsənli bu məsələni Suriyada baş verən hadisələrlə əlaqələndirib:
“Biz ABŞ-ın xarici siyasətində yanlışlıqlar görürük. Lakin Vaşinqton hələ gözləyir. Suriyada vəziyyət, tamamilə fərqli məcrada davam edir. Rusiya Suriyaya müdaxilənin ilk illərində heç bir nəticəyə varmasa da, Bəşər Əsəd rejimi hazırda rusların dəstəyi ilə Suriyada əhəmiyyətli mövqeyə sahib olub. Etiraf etməliyik ki, ABŞ tərəfi Suriyada hər şeyə hazırdır. Əvvəllər ABŞ Əsədi “qatil” adlandırırdı. Lakin bir müddət öncə Tramp Əsədə “prezident Əsəd” deyə müraciət etdi. Əgər Rusiya Suriyada zəfər qazansa ABŞ faktiki olaraq uduzmuş sayılacaq. Buna görə günahkar birini tapmaq lazımdır ki, günah xarici siyasətin qeyri-səmərəli olmasında qalmasın. İlk növbədə Trampın rusların seçkilərə kibermüdaxilə ilə seçdiyi prezident olması şayiəsini uydurmaq və işə FTB-nin qarışmasını təşkil etmək lazım idi. Amma Trampın ruslara işləyib, işləmədiyini də dəqiq demirlər. Hələlik Suriyadakı savaşın gedişatını və Rusiyanın atacağı addımları gözləyirlər”.
E.Həsənli qeyd edib ki, D.Tramp hakimiyyətə gələndən bu yana ona qarşı kampaniyalar davam edir:
“Bir neçə ay əvvəl jurnalist Maykl Volfun müəllifi olduğu ”Atəş və qəzəb: Trampın Ağ evində” ( Fire and Fury: Inside the Trump White House) kitabı nəşr olundu. Bu kitabda Tramp haqqında hər bir məqama toxunulmuşdu. Kitab 250 min tirajla qısa zamanda Amerikada bestsellerə çevrildi. Kitabın bir hissəsində qeyd edilir ki, Tramp çaşbaş qalmışdı. O, qələbə qazanacağını gözləmirdi və hətta istəmirdi. Yəni, hazırda belə bir kampaniya aparılır. Ondan əvvəl isə göstərirlər ki, Trampın seçilməsində Rusiyanın kibermüdaxiləsi rol oynayıb. Kitabda Trampın qələbə qazanacağını gözləməməsini göstərmək və çaşbaş qalması fikrini söyləmək isə onu bu posta birilərinin gətirdiyini sübut etməkdir”.