Oktyabrın 9-da məhkəmə qərarı ilə saxlanılan azərbaycanlı milli-mədəni fəal Müctəba Pərvin müvəqqəti olaraq sərbəst buraxılıb.
Teleqraf.com xəbər verir ki, fəal ittiham elan olunduqdan sonra maaş qəbzi və 15 milyon tümənlik mülki vəsiqə qarşılığında azad edilib.
Müctəba Pərvin ictimai asayişi pozmaqda və İran hakimiyyəti əleyhinə təbliğat aparmaqda ittiham olunub. Lakin o, irəli sürülən ittihamları rədd edərək, bu barədə hazırlanan sənədi imzalamaqdan imtina edib.
Qeyd edək ki, Güney Azərbaycandan olan milli-mədəni fəal Müctəba Pərvin oktyabrın 9-da İranın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Bundan əvvəl Müctəba Pərvinin qardaşları Mürtəza və Mustafa Pərvin də təhlükəsizlik orqanları tərəfindən dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıblar. Təhlükəsizlik orqanları fəalların peşə fəaliyyətinə də maneçilik yaradır.
Mustafa Pərvinin “Şirvan dərəsi” adlı rəsm sərgisi təhlükəsizlik orqanlarının müdaxiləsi ilə ləğv edilib, onun keçirilməsinə icazə verilməyib.
Müctəba Pərvin bundan əvvəl də Güney Azərbaycan türklərinin demokratik və milli haqları uğrunda apardığı mədəni mübarizəyə görə, dəfələrlə təhlükəsizlik orqanları tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.