İran Aviasiya Şirkətləri Assosiasiyasının icraçı direktoru Maqsud Əsədi Samani jurnalistlərə açıqlamasında İran Mərkəzi Bankının aviasiya şirkətlərinin xarici valyutata olan ehtiyacını təmin etməməsindən və bunun həmin şirkətlərin fəaliyyətinə mənfi təsirindən danışıb.
Teleqraf.com-un məlumatına görə, o bildirib ki, əgər İranın Mərkəzi Bankı hökumətin qoyduğu məzənnə ilə aviasiya şirkətlərinin xarici valyutaya ehtiyacını təmin etməkdən boyun qaçırsa, həmin şirkətlərin fəaliyyəti qarşıdan gələn aylarda dayandırıla bilər:
“Verilən proqnozlara əsasən, vəziyyət belə getsə, ölkənin aviasiya şirkətləri maksimum 3 ay davam gətirə bilərlər. Belə ki, həmin müddətdən sonra onlar fəaliyyətlərini dayandırmaq məcburiyyətində qala bilərlər. Təəssüf ki, İran Mərkəzi Bankı hökumətin təyin etdiyi məzənnə ilə aviasiya şirkətlərinə valyuta ayırmaqdan imtina edir. Belə olduqda isə biz valyutaya olan ehtiyacımızı qara bazardan təmin etmək, biletlərin qiymətini isə azad və ya qara bazar məzənnəsinə uyğunlaşdırmaq məcburiyyətində qalırıq. Bu isə çoxlu problemlərə səbəb olur”.
Qeyd edək ki, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalarla əlaqədar olaraq son vaxtlar İran Mərkəzi Bankı aviasiya şirkətlərinin valyutaya olan ehtiyacını hökumətin qoyduğu məzənnə ilə təmin etməyə qadir olmadığını bildirib.