Fransanın məşhur “Renault” şirkəti İrana avtomobil satışını tamamilə dayandırıb.
Teleqraf.com-un məlumatına görə, “Renault”un yaydığı son statistik rəqəmlərdə göstərilir ki, şirkət 2017-ci ildə İrana 10 min 932 ədəd avtomobil ixrac etsə də, 2018-ci ilin sentyabr ayından bu rəqəm sıfıra endirilib. Beləliklə, şirkətin İrana avtomobil satışı tamamilə dayandırılıb.
Şirkət İranla ticarət əlaqələrini dayandırmasını ABŞ-ın Tehrana qarşı tətbiqinə başladığı sanksiyalarla əlaqədar olduğunu açıqlayıb.
Qeyd edək ki, “Renault” şirkətinin icraçı direktoru Tier Bollor iyulun 27-də jurnalistlərə açıqlamasında İranla əməkdaşlığı dayandıracaqlarının anonsunu vermişdi. O əlavə etmişdi ki, hazırda dünyanın müxtəlif yerlərində, o cümlədən Afrikada yeni iqtisadi fürsətlər axtarışındadırlar.