Allen Vuornos Amerikada ilk silsiləli qanlı cinayətlər törədən qadındır. Onun əməlləri bir zamanlar filmlər üçün ssenari olub.
Teleqraf.com bu qalmaqallı cinayətkarın dosyesini təqdim edir.
Allen Vuornos 1956-cı ildə Miçiqanda doğulub. Atası körpə uşağa təcavüz etmək ittihamı ilə həbs edilib və həbsxanada intihar edib. Anası isə uşaqlarını ataraq gedib və heç vaxt övladlarını görməyib. Bu səbəbdən də Allen kiçik yaşlarında ailədaxili istismara məruz qalıb.
Təcavüz və zorakılığa məruz qalan Allen 14 yaşlarında hamilə qalıb və bu səbəbdən də yaşadığı evdən qovulub. Doğuşdan sonra körpəsi ondan alınaraq övladlığa verilib. Allenin qalacağı yer olmayıb. Küçələrdə gecələyib.
Günlərin birində Allen Miçiqanı tərk etmək qərarını verib. Getdiyi digər ştatlarda 2 aydan artıq qala bilməyib. Florida ştatına doğru yola düşüb və yolda 69 yaşlı, yaxta klubun idarəçisi olan Levis Fellə tanış olub. Sonradan onunla evlənib. Ancaq psixoloji və ruhi durumu pozulan Allen əri ilə savaşıb, onu döyüb. Beləcə evlilik cəmi 1 ay çəkib və sonda cütlük boşanıb.
Sonradan narkotik maddə istifadə etməyə başlayan Allen oğurluq səbəbindən dəflərlə polis tərəfindən saxlanılır. 1986-cı ildə isə həyatının böyük sevgisi adlandırdığı Tyira Moore ilə tanış olur. Bu Allenin həyatını tamam dəyişir və daha qəddar cinayətlərə istiqamətlənir. 1989-cu ilin aprel ayına qədər cütlük birlikdə yaşayır. Allen daha çox pul qazanmaq istəyirdi, əks halda Tyiranın ondan ayrılacağını düşünürdü.
Beləcə Allen gecə klubunda ilk qurbanı olacaq Riçard Mallori ilə tanış olur. Riçard vaxtında təcavüz cinayətinə görə həbs edilən biri idi. Riçard bu tanışlıqdan sonra Alleni döyür və ona işgəncələr verir. İztirablara dözməyən Allen Riçardı öldürür. Ancaq bu cinayətin davamı gəlir. Bundan sonra 7 ay ərzində Allen daha 3 kişini öldürür.
Sonrakı cinayətləri törətməkdə məqsəd soyğunçuluq, pul əldə etmək idi. İllər keçir. Allen daha 3 kişini öldürür.
1990-cı ilin avqustun 31-də Troy Burresi, sentyabrda Karles Hamfeyi, 19 oktyabrda isə Valteri Antonionu öldürür. Bu arada Riçard Allendən ayrılır. Ayrılıqdan sonra Allen cinayətlər törədərkən yol verdiyi diqqətsizliyi ona baha başa gəlir.
Belə ki, baş verən qətl hadisələrini ciddi şəkildə araşdıran polis nəticədə Alleni saxlayır. Onun günahlarını Tyira da etiraf edir. Allen 6 nəfəri öldürməkdə ittiham olunurdu.
Rəsmi ittihamın irəli sürülməsi və adının mediada hallanmasından sonra Allenlə bağlı informasiya partlayışı baş verdi. Vəkillər və bəzi polis məmurları onun hekayəsini mətbuata satmaq niyyətinə düşdü.
Onun məhkəməsi 1992-ci ilin 14 yanvarında başladı. Allen törətdiyi qətl hadisələrini “nəfsi müdafiə” prinsipinə əsasən etdiyini bildirdi. Elan etdi ki, onu cəmiyyət və mühit bu hala gətirib. O, 6 qətl hadisəsinə görə, ayrı-ayrılıqda məhkəməyə çıxarıldı və günahkar elan olundu. Cinayətkarın ən qorxduğu məqam ömürlük həbs cəzası ala bilmə ehtimalı idi. Bu səbəbdən də, məhkəmənin əvvəlində elan etdiyi kimi, cinayəti “nəfsi müdafiə” səbəbindən həyata keçirdiyi fikrindən vaz keçərək bildirdi ki, qurbanları heç bir şey etməyib, o, özü onları öldürüb.
2002-ci il, oktyabrın 9-da, səhər saat 9:00-da ona ölüm hökmünün verilməsi rəsmən təsdiq olundu. Allen ölümündən əvvəl yandırılmasını və meşəlik bir əraziyə səpilməsini xahiş etdi. Ölümündən sonra arzusu həyata keçirildi. Onun cəsədinin külləri Miçiqan ştatına aparıldı və səpildi.