21 Noyabr 2018 15:36
1 705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin keçmiş SSRİ-də doğulan hər kəsin istədiyi təqdirdə Rusiya vətəndaşlığı ala biləcəyi ilə bağlı verdiyi qərar siyasi xarakter daşıyır.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Kreml başçısının bu addımı Rusiyanın MDB məkanında nüfuzunu və siyasi təsirini genişləndirməyə hesablanıb:

“Rusiyanın xaricdə yaşayan rusların müdafiəsi üçün istənilən ölkəyə hərbi müdaxilə imkanı verən qanuna malik olduğunu nəzərə alsaq, bu qərarın region üçün təhlükəli olduğu ehtimal edilmir. Hesab edirəm ki, Putin bununla MDB məkanını hərbi təzyiq altında saxlamağa çalışacaq.

Bura qədər də Rusiya MDB-ni öz nüfuz dairəsi hesab edir və Qərbin bu regionda güclənməsinin qarşısını almaq üçün ciddi planlar hazırlayırdı. Kremlin bu qərarı da həmin planın tərkib hissəsidir”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Putin bu addımı atarkən, MDB respublikalarından Rusiyada milyonlarla miqrantın işlədiyini də nəzərə alır: “Hesab edirəm ki, Rusiya bu məkanda yerləşən respublikaları bu faktor üzərindən təhdid etməyə çalışır. Göründüyü kimi, Rusiya qonşu ölkələrlə bərabərhüquqlu münasibətlər qurmaqda yox, onları təhdidlə öz nüfuz dairəsinə salmaqda maraqlıdır”.

Qeyd edək ki, Putin keçmiş SSRİ-də doğulan insanların Rusiya vətəndaşlığına qəbul edilə biləcəyini bildirib. Bununla bağlı müvafiq qanun layihəsinin Rusiya Dövlət Dumasının müzakirəsinə çıxarılacağı gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu