Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni baş katib ilin sonunadək təyin ediləcək.
Teleqraf.com xəbər verir ki, bunu Belarus prezidentinin mətbuat katibi Natalya Yesmont jurnalistlərə açıqlamasında deyib.
Yesmont bu məsələnin Rusiya və KTMT-yə daxil olan digər dövlətlərin başçıları tərəfindən razılaşdırıldığını diqqətə çatdırıb.
Bununla belə, o, yeni baş katibin hansı ölkədən olacağı ilə bağlı müttəfiqlər arasında fikir ayrılığının olduğunu və gərgin müzakirələrin getdiyini istisna etməyib.
Qeyd edək ki, Prezident Aleksandr Lukaşenko son açıqlamasında KTMT-nin yeni baş katibinin Belarus nümayəndəsi olduğunu deyib. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də dönəm rəhbərliyinin Belarusda qalacağını bildirib.
Rəsmi İrəvan isə bununla razı deyil və dönəm rəhbərliyinin Ermənistanda qalmasına təkid edir.
Əlavə edək ki, hərbi ittifaqın Ermənistandan olan baş katibi Yuri Xaçaturov vaxtından əvvəl istefaya göndərilib. O, bu postdan Ermənistanda barəsində cinayət işi açıldığına görə uzaqlaşdırılıb.
Protokola uyğun olaraq, dönəm rəhbərliyi 2020-ci ilədək Ermənistanda qalmalı idi. KTMT-yə üzv olan digər dövlətlər isə Xaçaturov ətrafında yaranmış gərginliyin ittifaqın nüfuzuna zərbə vurduğunu əsas gətirərək, Ermənistanı dönəm rəhbərliyindən uzaqlaşdırmaq məsələsini müzakirə edir.