Ermənistan baş naziri Nikol Paşinyan Rusiya rəhbəri Vladimir Putini Azərbaycana silah satdığına görə tənqid etmək cəsarətinə malik olmadığı barədə Aleksandr Lukaşenkonun fikirlərini şərh edib.
Teleqraf.com-un məlumatına görə, Paşinyan iddia edib ki, əvvəllər bu məsələni Rusiya prezidenti ilə təmaslarda müntəzəm olaraq qaldırıb və bu barədə Aleksandr Lukaşenkoya hərtərəfli cavab verib:
“Düşündüm ki, cənab Lukaşenko bu cavablardan razı qaldı. Bu haqda məndə belə təəssürat yarandı. Bundan sonra nə baş verəcəyini deyə bilmərəm”.
Lakin Ermənistan baş naziri Belarus prezidenti ilə arasında gedən müzakirlərin detallarını açıqlamayıb.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Azərbaycana silah satan 5 dövlətdən biri olduğunu bildirib:
“Minskin Azərbaycanın 5-ci silah tədarükçüsü olduğunu xatırlatmaq istəyirəm. Azərbaycana iri həcmdə silah satan ölkələr var. Məsələn, İsrail, Rusiya, Türkiyə... Mən Paşinyana niyə Azərbaycana silah satdığımızı başa saldım. Niyə o, Azərbaycana silah satan Rusiyanı ittiham etmir, Putindən əvvəl bu məsələni gündəmə gətirmir? Yoxsa qorxur?”