Tacikistan Prezidenti Emoməli Rəhmon Belarusun KTMT baş katibi postuna namizəd göstərdiyi Milli Təhlükəsizlik Şurasının rəisi Stanislav Zasın bu vəzifəyə təyin edilməsini nəzərdə tutan sənədi imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vafo Niyatbekzoda açıqlama verib.
O, Tacikistan prezidentinin Stanislav Zasın namizədliyini və bununla bağlı müvafiq sənədə imza atdığını bildirib.
Qeyd edək ki, Emoməli Rəhmon dekabrın 14-də Belarus nümayəndəsinin namizədini dəstəkləməyə hazır olduğunu açıqlamışdı.
Tacikistandan əvvəl müvafiq sənəd Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən də imzalanıb.
Qeyd edək ki, Ermənistanda barəsində cinayət işi açıldığına görə KTMT-nin baş katibi Yuri Xaçaturov vaxtından əvvəl tutduğu postdan uzaqlaşdırılıb və İrəvanın ittifaqdakı dönəm rəhbərliyinə xitam verilib. Buna baxmayaraq, rəsmi İrəvan postun Ermənistanda qalmasına təkid edir.
Digər üzv dövlətlərin namizədi isə Belarus nümayəndəsidir.