186 il əvvəl İstanbulda Vilyam Çörçil adlı şəxs ilk dəfə Osmanlıda qəzet nəşr edərək tarixə düşüb.
Teleqraf.com bir ingilisin Osmanlıda qəzet nəşr etməsinin gerçək səbəbləri haqqında məqaləni oxuculara təqdim edir.
Vilyam Çörçil İstanbuldakı Amerika konsulluğunda konsul köməkçisi işləyib. Daha sonra işdən çıxaraq jurnalist kimi fəaliyyətə başlayıb, o dövrdə bir sıra Avropa qəzetlərinin İstanbul müxbiri olub.
Alkoqol düşkünü olan Çörçil adətən İstanbulun Kadıköy səmtində otururmuş. 1836-cı il mayın 8-də qonaqları ilə saatlarla Kadıköydə spirtli içki qəbul edən Çörçil daha sonra ova getmək qərarını verir. Tüfəngini götürərək ova gedir. Məhəllələrin arasında keçən Çörçil xalqın istifadə etdiyi çəmənliyə çatır. Gözlərinin yaxşı görməməsi səbəbindən çəmənlikdə oynayan uşağı ov hesab edərək ona atəş açır. Və qiyamət qopur.
Yaxınlıqdakı adamlar ağır yaralanan uşağı xilas etmək üçün hərəkətə keçir, tüfəngi Çörçilin əlindən alaraq onu əzişdirirlər. Başını itirmiş sərxoş ingilis “bu uşaq niyə qarşıma çıxdı, burada onun nə işi vardı” deyə danışmağa başlayır.
Bu zaman ingilis yenidən əzişdirilir və əraziyə gəlib çıxan Osmanlı polis zabitlərinə təslim edilir.
Zabitlər Çörçili Üsküdara polis idarəsinə aparırlar. Lakin o dövrdə Osmanlının başı kapitulyasiya dərdində idi. Dövrün şərtlərinə görə, xarici vətəndaşlar kapitulyasiyanın verdiyi hüquqlara uyğun olaraq törətdikləri cinayətin ağırlığından asılı olmayaraq yalnız konsulluqdakı məhkəmələr tərəfindən ittiham oluna bilərdilər. Çörçil də bu hüquqdan istifadə edərək özünün dərhal konsulluğa təslim olunmasını tələb edir.
Özünə gələn ingilis Osmanlı zabitlərinin üzərinə daha qətiyyətlə gedir, onları təhqir etməkdən çəkinmir. Bu zaman zabitlərdən biri özünü saxlaya bilmir və əlindəki zopa ilə ingilisə arxadan zərbə endirir. Zopanın zərbəsi Çörçili bir qədər sakitləşdirə bilir, daha sonra ingilis Üsküdar qazisinin önünə çıxarılır.
Qazi yaralanmış uşağın sağlıq durumu aydın olmayana qədər qərar verməyəcəyini açıqlayır və buna qədər Çörçilin həbsxanada saxlanılmasını tələb edir.
Qazinin qərarından dövrün xarici işlər naziri Akif Paşa xəbərdar edilir. Akif Paşa öz növbəsində hərbi donanmanın komandanı Əhməd Fevzi Paşanın vasitəsilə Çörçili limandakı zindanda saxladır.
İstanbuldakı İngiltərə səfirliyi hadisədən xəbər tutandan sonra ikinci qiyamət qopur. Diplomatlardan biri dərhal xarici işlər naziri Akif Paşanın yanına gedərək Çörçilin onlara təhvil verilməsini tələb edir. Lakin nazir “ingilislər bura iş görməyə gəlib, yoxsa adam vurmağa” sualını verərək artıq məhkəmə qərarı olduğunu bildirir. Diplomat isə naziri aşağılayaraq bildirir ki, beynəlxalq hüquq sizlərə görə deyil, Avropada sizlər onsuz da mədəni millət kimi qəbul edilmirsiniz.
Nazir Akif Paşa bu sözlərə görə diplomati binadan qovur.
Səfir Ponsonby 1836-cı il mayın 10-da Osmanlı hökumətinə nota verərək Çörçilin dərhal azadlığa buraxılmasını tələb edir, eyni zamanda Osmanlının Xarici İşlər Naziri ilə əlaqələri kəsdiyini, amma hökumətlə müzakirələri davam etdirəcəyini elan edir.
Osmanlı hökuməti isə bu notaya eyni tonda cavab verə bilmir.
Qısa müddət sonra İstanbulda olan digər Avropa ölkələrinin səfirləri də İngiltərə səfirinin tərəfini tutmağa başlayır. Təzyiqlər artıqdan sonra Osmanlı Sultanı II Mahmud 1836-cı ilin 12 may tarixində Çörçilin azadlığa buraxılmasını əmr edir. Eyni zamanda İngiltərə səfirinin təzyiqləri ilə aprelin 16-da Akif Paşanı xarici işlər naziri vəzifəsindən azad edir. Beləcə Osmanlı o dövrdə problemlər yaşadığı Misirdə ingilis dəstəyi sayəsində Məhməd Əli Paşanın üsyanını yatırda bildiyini nəzərə alaraq İngiltərənin dediyini etməli olur.
Ancaq biabırçılıq bununla bitmir. Osmanlı hökuməti bu hadisələrə səbəb olan Vilyam Çörçilə sarayın təlimatı ilə brilyantlı nişan, habelə 10 min zeytun yağı almaq imtiyazı tanınır. Çörçil bu imtiyazı 350 minə rus tacirə sataraq böyük pul əldə edir.
Çörçilin İstanbulu tərk edəcəyi gözlənilsə də, ingilis fəaliyyətini davam etdirir. Bu hadisədən 4 il sonra o, İstanbulda qəzet nəşr etməyə başlayır. Beləcə Türkiyədə ilk müstəqil qəzet olan “Ceride-i Havadis” yayımlanmağa başlayır.
Az sonra cəmi 200 ədəd qəzet satan Çörçil məsrəfləri qarşılamaq çətinliyi ilə üzləşdikdə Osmanlı hökumətindən maddi dəstək almağa nail olur. Bu qəzetin nəşri sonrakı illərdə Çörçilin oğlu Riçard tərəfindən davam etdirilir, qəzetin adı isə “Ruzname-i Ceride Havadis” olur.
Beləcə ingilis Çörçil və oğlu qəzetin nəşri üçün hökumətdən uzun illər böyük pullar qoparmağa nail olur.
Bir sözlə, Türkiyədə ilk müstəqil qəzetin nəşr olunması macərası bir uşağın güllələnməsi və bir ingilis qarşısında gücsüz qalan imperatorun verdiyi dəstək sayəsində baş tutur.