Yanvarın 31-də axşam saatlarında Tbilisinin Pekin prospektində binaların birinin 6-cı mərtəbəsində partlayış olub.
Teleqraf.com xəbər verir ki, nəticədə yanğın baş verib, bir nəfər xəsarət alıb.
Yanğın sakinlər tərəfindən söndürülüb.
Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda partlayışın qaz sızması nəticəsində baş verdiyi bildirilir.
Paytaxt Tbilisidə əhalinin və sosial obyektlərin qazlaşdırılmasına cavabdeh olan “Kaztransqaz-Tbilisi” şirkəti isə deyilənləri təkzib edir. Şirkətin yaydığı məlumatda deyilir ki, Pekin prospekti 30 ünvanında qaz sızmasından partlayış olmayıb. Partlayışa hələlik mənşəyi məlum olmayan kimyəvi maddə səbəb olub.
Məlumat üçün qeyd edək ki, bu, yanvar ayında “Kaztransqaz-Tbilisi” şirkətinin xidmət etdiyi ərazilərdə artıq üçüncü hadisədir.
Bir neçə gün əvvəl Tbilisinin Diğomi rayonunda baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb. Yanvarın 31-də səhər saatlarında İsani rayonu ərazisindəki binaların birində qaz sızması nəticəsində 7 nəfər ölüb.