5 Fevral 2019 08:17
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbabət gündən-günə inkişaf etdikcə bir çox xəstəliklərin müalicəsində yeni uğurlar əldə edilir, xüsusilə də xərçəng xəstəliyinə tutulan şəxslərin həyatını mümkün qədər uzatmaq mümkün olur.

Xərçəngin vaxtında diaqnozu və onun müalicəsi ilə bağlı uğurlar artsa da, müalicə üçün xərclər və ən müasir dərmanların qiyməti də paralel şəkildə yüksəlməkdədir.

Teleqraf.com xəbər verir ki, Dünya Səhiyyə Təşkilatı xərçəng xəstəliyinin müalicəsində istifadə olunan dərman preparatlarının həddən artıq baha olmasını tənqid edib.

Təşkilata görə, xəstəliyin müalicəsində bir sıra dərmanlar astronomik qiymətlərə satılır, bəzən bir dozalıq dərmanların qiyməti minlərlə dollara çatır.

Əczaçılıq şirkətləri yüksək qiymətləri elmi-tədqiqat, kliniki araşdırma və testlər, eləcə də satışa çıxmazdan öncə dərmanların kimyəvi və digər yoxlamalardan keçirilməsi ilə əlaqələndirirlər.

Təşkilatın mütəxəssislərinin apardığı yeni araşdırmada müəyyən edilib ki, dərmanların qiyməti heç də onların istehsalat xərcləri ilə əsaslandırıla bilməz.

Araşdırmanın müəllifi Suzanna Hill təqdimat zamanı bildirib ki, əczaçılıq şirkətləri dərmanların istehsalına investisiya etdikləri hər bir ABŞ dolları müqabilində orta hesabla 14 ABŞ dolları mənfəət əldə edirlər. Öz hesabatlarında hazırda satışda olan 99 əsas xərçəng preparatını yoxlayan mütəxəssislər, həmçinin onların satış qiyməti və istehsalat xərclərini də analiz ediblər.

Müəyyən edilib ki, bu dərmanların satışından son 25 ildə 216 milyard avrodan artıq gəlir formalaşıb.

S.Hill bildirib ki, bir sıra dərmanlar xərçəng xəstəliyi ilə mübarizədə uğurlu nəticələrə imza atsa da, qiyməti yüksək dərmanların bir qrupu lazımi təsirə malik olmamaqla yanaşı, xəstələrdə əlavə şikayətlərə səbəb olur. Əczaçılıq şirkətləri konkret dərmanların istehsalı üçün nə qədər xərc çəkdiklərini ictimaiyyətə açıqlamadıqları kimi, eyni zamanda, sığorta şirkətləri ilə danışıqları bağlı qapılar arxasında aparır və bu danışıqların nəticəsi olan müqavilələrin mətni məxfi saxlanılır. Məhz buna görə də təşkilatın təmsilçisi nəhəng əczaçılıq şirkətlərinə qarşı müxtəlif ölkələrin səhiyyə qurumlarının birgə çıxış etməsində fayda olduğunu vurğulayıb.

Məhz bu yolla xəstələrin maraqları daha yaxşı qoruna və süni şəkildə şişirdilmiş qiymətlərin aşağı salınması mümkün ola bilər.

/Azərtac/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər