Rusiya Prezidentinin köməkçisi Vladislav Surkov hesab edir ki, müasir Rusiya yaşayış üçün optimal model olan və rus xalqının gələcək illərdə də rifahını təmin edəcək tamamilə yeni, tədqiq edilməmiş dövlət tipidir.
Teleqraf.com xəbər verir ki, bu barədə o, “Nezavisimaya qazeta”da dərc olunan məqaləsində yazıb.
Surkov qeyd edib ki, SSRİ dağıldıqdan sonra Rusiya “idxal edilmiş kimyagərlər”dən deyil, “tarixi proseslərin məntiqi”ndən yararlanaraq ayağa qalxmağa çalışdı. Bununla da ölkənin kontr-tarixi dağılmasının qarşısı alındı:
“Rusiya indi yeni tipli dövlətdir. Əvvəllər bizdə heç zaman belə dövlət olmayıb. Onun keçdiyi və cəlb olunduğu tress-testlər göstərir ki, məhz bu cür siyasi quruluş modeli gələcək onilliklərdə, hətta bütün əsr boyu rus xalqının yüksəlişi təmin edəcək effektiv vasitədir”.
V.Surkov yeni dövlətin sıfırdan əmələ gəldiyini hesab edir. “Bu, III İvanın, Böyük Pyotrun və Lenin dövlətindən sonra dördüncü dövlət modelidir. Bu, Rusiyaya dünya tarixində qeyri-təvazökar rol icra etməyə imkan yaradır və səhnəni tərk etməyə icazə vermir”.