ABŞ-ın əsas siyasi və mədəniyyət mərkəzlərindən olan Çikaqo şəhərində İllinoys ştatının Holokost Muzeyi və Təhsil Mərkəzində Xocalı faciəsinin 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Bu barədə Teleqraf.com-a Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
Tədbir Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycanın ABŞ-dakı səfirliyinin iştirakı ilə baş tutub.
Tədbirdə əsas natiqlər qismində mərkəzin sədri Mehriban Məmmədova, Türkiyənin Çikaqodakı baş konsulu Umut Acar, Ukraynanın Çikaqodakı vitse-konsulu Aleksandr Luçuk, Azərbaycanın ABŞ-dakı səfirliyinin konsulu Emil Muradzadə, “Orta Asiya Səmərəliliyi” tədqiqat mərkəzinin rəhbəri professor Harri Lepinski, Ukrayna Amerika Konqresinin direktorlar şurasının sədri Roman Yatskovski, Çikaqoda fəaliyyət göstərən Özbəkistan Cəmiyyətinin sədri Serajuddin Nasafi çıxış edib.
Tədbirə xüsusi qonaq qismində “Holokost” şahidi Janine Oberrotman da qatılıb. Bundan əlavə təbirdə Çikaqo şəhərinin ictimai xadimləri, Azərbaycan, Türkiyə, Qırğızıstan, Pakistan, Hindistan və Moldova icmalarının nümayəndələri də iştirak edib.
Təqdimat Çikaqo şəhərində yaşayan istedadlı gənc Araz Zarinebagın ud alətində “Sarı gəlin” musiqisinin ifası ilə müşayiət edilib.
Daha sonra tədbir iştirakçılarına Xocalı faciəsinə həsr edilmiş video-çarx nümayiş etdirilib.
Sonra Emil Muradzadə görüş iştirakçılarına Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasət, xalqımıza qarşı törədilən etnik təmizləmə faktları və soyqırım cinayətləri barədə ətraflı məlumat verib.
Umut Acar isə Xocalı faciəsi və erməni terrorçuları tərəfindən Türkiyə diplomatlarına qarşı törədilən cinayətlər barədə danışıb, həqiqtlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bu kimi tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.
Digər çıxış edənlər də belə cinayətlərin təkrarlanmaması üçün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və cinayət iştirakçılarının məsuliyyətə cəlb olunmasının vacibliyindən danışıb.
Tədbirdə xüsusi qonaq qismində iştirak edən xanım Janine Oberrotman çıxış edərək “Holokost” və Xocalı faciəsinin oxşarlığından və insanların əziyyət çəkməsindən danışıb.
O, valideynlərinin “Holokost” zamanı qətlə yetirildiyini bildirərək insanlıq əleyhinə cinayət törədən şəxslərin bağışlanmasının mümkünsüzlüyünü qeyd edib.
Təbirin sonunda Xocalı faciəsi zamanı şəhid olan soydaşlarımızın ruhuna ehsan verilib.