25 Fevral 2019 09:23
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı soyqırımı qurbanlarının xatirəsi Avstraliyanın paytaxtı Sidney şəhərində anılıb.

Teleqraf.com-un məlumatına görə, Sidneydəki Azərbaycan icmasının üzvləri və ölkəmizin Avstraliyadakı səfirliyi tərəfindən təşkil edilən tədbirə parlamentin deputatları, ictimai xadimlər, media təmsilçiləri, Sidneydə yaşayan həmyerlilərimiz və türk icmasının nümayəndələri qatılıblar.

Tədbirdə Milli Məclisin deputatları - Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və Asim Mollazadə də iştirak edib.

Tədbiri giriş sözü ilə açan Sidneydəki Azərbaycan icmasının nümayəndəsi Nizami Cəfərov iştirakçıları salamlayıb. Bildirib ki, artıq 27 ildir Azərbaycan xalqının nüayəndələri erməni silahlıları tərəfindən Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törədilən faciə qurbanlarının xatirəsini yalnız ölkə daxilində deyil, onun hüdudlarından uzaqlarda da qeyd edirlər. Bu faciənin Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcəyini vurğulayan N.Cəfərov bunun bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu xüsusi qeyd edib. Vurğulayıb ki, beynəlxlaq ictimaiyyət birləşərək dünyada belə faciələrin bir daha baş verməməsinə çalışmalıdır.

Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımı haqqında çəkilən film nümayiş etdirilib.

Çıxış edən Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı faciəsi barədə ətraflı məlumat verib. Bildirib ki, dünyanın bir çox ölkələri, eyni zamanda, ABŞ-ın bir neçə ştatı Xocalı faciəsinə hüquqi-siyasi qiymət verərək onu soyqırım kimi tanıyıb.

E.Həbibzadə Avstraliyanın federal və ştat parlamentlərinin də bu faciəyə hüquqi-siyasi qiymət verəcəyinə inamını ifadə edib və onları tezliklə bu addımı atmağa çağırıb. Azərbaycan ərazilərinin hələ də işğal altında saxlanıldığını xatırladan diplomat, Xocalıda törədilmiş qətliamın yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayət olduğunu vurğulayıb.

E.Həbibzadə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini ölkəmizin beynəlxalq səviyyədə qəbul edilən sərhədləri çərçivəsində tanıdığına görə Avstraliya hökumətinə minnətdarlığını bildirib.

Milli Məclisin üzvü Asim Mollazadə Xocalı faciəsi haqqında danışaraq, dinc əhaliyə, xüsusilə də uşaqlara, yaşlılara və qadınlara qarşı amansız şəkildə icra edilmiş bu cinayəti törədənlərin beynəlxalq səviyyədə cəzalandırılmasının vacibliyini qeyd edib. Vurğulayıb ki, bu proses Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının tərkib hissəsidir. Bildirib ki, milli və dini əlamətlərinə görə insanların qətlə yetirilməsi müasir dövrdə yolverilməzdir. Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş torpaqlarını qeyd-şərtsiz tərk etməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd məlum qətnaməni xatırladan A.Mollazadə, bütün beynəlxlaq ictimaiyyəti həmin qətnamələrin yerinə yetirilməsi üçün səyləri birləşdirməyə çağırıb.

Toplantıda çıxış edən Avstraliya Federal parlamentinin üzvü Krek Kelli deyib ki, Xocalıda baş vermiş faciə və dütün dünyada törədilən buna bənzər hadisələr heç vaxt unudulmamalı və zaman-zaman xatırlanmalıdır. Azərbaycana bir neçə dəfə səfər etdiyini xatırladan K.Kelli ölkəmizin qazandığı uğurları, sürətli və dinamik inkişafı barədə də məlumat verib. Vurğulayıb ki, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri üçün onların dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bərabər səviyyəli şərait yaradılıb. Bu təcrübənin əhəmiyyətini qeyd edən K.Kelli ölkəmizi digər dövlətlərə nümunə kimi göstərib. Söyləyib ki, o, həmişə Azərbaycanın haqq işini dəstəkləməyə hazırdır.

Türkiyənin Sidneydəki baş konsulu Melih Karalar qardaş türk xalqının daim doğma Azərbaycanın yanında olduğunu və kədərimizə şərik olduğunu bildirib. Qeyd edib ki, Xocalıda törədilən faciə bütün dünyada yaşayan insanlara çatdırılmal və onu törədənlər ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Baş konsul belə hadisələrin gələcəkdə bir daha təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətinin əlbir olmasının vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən Sidneydəki Azərbaycan icmasının nümayəndələri Mikayıl Oyta və Şəmsəddin Nicati Xocalı faciəsi ilə bağlı xalqımızın kədərini bölüşdüklərini bildiriblər. Xocalı faciəsini Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri kimi dəyərləndirən natiqlər, bu qanın yerdə qalmayacağını, Azərbaycanın işğal altında olan torpaqlarının tezliklə azad ediləcəyinə əminliklərini ifadə ediblər. Azərbaycan həqiqətlərinin Avstraliya ictimaiyyətinə çatdırılması ilə əlaqədar icma üzvlərinin birgə fəaliyyət göstərməsinin vacibliyi də vurğulanıb.

Çıxışlarda qeyd olunub ki, Xocalı soyqırımını törədənlər beynəlxalq hərbi tribunal qarşısında cavab verməli və layiq olduqları cəzanı almalıdırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər