ABŞ tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələri (SDQ) Suriyanın Baquz yaşayış məntəqəsinin tam azad edilməsi ilə İŞİD terror təşkilatı üzərində həlledici qələbə çalındığını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
“Suriya Demokratik Qüvvələri özünü xilafət adlandıran qurumun tam ləğv edildiyini və “İslam Dövləti”nin əlində heç bir ərazinin qalmadığını bəyan edir”, – deyə qurumun rəsmi nümayəndəsi Mustafa Bali “Tvitter” hesabında yazıb.
Bununla yanaşı o, Suriya Demokratik Qüvvələri hərbçilərinin qruplaşmanın qalan üzvlərinin izlənilməsini davam etdirdiklərini vurğulayıb.
Qeyd edək ki, bundan öncə Ağ Evin mətbuat katibi Sara Sanders Suriya ərazisinin 100 faiz İŞİD-dən azad edildiyini açıqlamışdı.
Ancaq Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri bunu blef adlandırmışdı.