İsrailə məxsus qırıcı təyyarələrin iki gün əvvəl Suriyanın Hələb şəhərinin hava limanı yaxınlığında yerləşən İran İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH qüvvələrinə qarşı həyata keçirdiyi hava hücumları nəticəsində 7 SEPAH-çı öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Suriyada İnsan Hüquqlarına Nəzarət Təşkilatı məlumat yayıb.
Məlumatda bildirilir ki, silah anbarlarına raket zərbələri nəticəsində ən azı 7 SEPAH-çı və ona bağlı döyüşçülər öldürülüb. Bundan əvvəl hava hücumlarında 4 İran hərbçisinin öldürüldüyü bildirilmişdi.
“Röyters” agentliyinin hərbi ekspertlərə istinadən yaydığı məlumata əsasən, Suriyanın şimalında yerləşən Hələb və onun ətrafı Bəşər Əsəd rejimini qoruyan SEPAH hərbi bazalarının yerləşdiyi mühüm məntəqələrdən biridir.
SEPAH-ın əsas silah anbaları da məhz burada, Hələb hava limanı ətrafında yerləşir.
Qeyd edək ki, hava zərbələri martın 27-i axşam saatlarında endirilib. Nəticədə böyük partlayış baş verib, SEPAH-ın silah-sursat anbarı yerlə yeksan edilib.
Son aylar İsrail qırıcıları Suriyanın müxtəlif bölgələrində SEPAH qüvvələrinə və onların silah anbarlarına onlarla hava zərbəsi endirməsi nəticəsində onlarla SEPAH üzvü öldürülüb.