16 May 2019 10:57
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın iki ayrı şəhərində tapılmış 5 insan cəsədi orta əsrlərə aid bir təriqətin ayini zamanı yol verilmiş cinayət şübhəsi yaradıb.

Teleqraf.com xəbər verir ki, hadisə Bavariyadakı mehmanxanalardan birində ikisi qadın olmaqla 3 cəsədin aşkar olunması ilə ortaya çıxıb.

Təriqətin lideri olduğu bildirilən 53 yaşlı Torsten V. və 33 yaşlı Kerstin E. adlı qadın arbalet oxları ilə öldürülüb. Əl-ələ tutmuş cəsədlər mehmanxanada yataqda aşkarlanıb.

Həmin otaqdakı digər cansız bədən isə Farina C. adlı qadına aiddir. O, boynundan oxla vurularaq qətlə yetirilib.

Polisin məlumatına görə, Farina C. adlı qadın öz istəyi ilə cütlüyü öldürdükdən sonra intihar edib.

Polis bu hadisəni Vittingen şəhərindəki iki ölüm hadisəsi ilə əlaqələndirir. Alman polisi ötən həftə Farina C.-nin yaşadığı evdən 35 və 19 yaşlı iki qadın cəsədi tapmışdı.

Məlumata görə, sirli ölümlərin Torsten V. adlı şəxslə birbaşa əlaqəsi var.

“Bild” qəzeti yazır ki, 53 yaşlı kişi bir çox qadınlar əlaqədə olub və onları öz ağası kimi idarə edib. Polis Vittingendəki ölümlərin əsas səbəbləri ilə bağlı yekun açıqlama verməyib.


Müəllif: Mənsur Rəğbətoğlu