Avropa Parlamentinə (AP) seçkilərdən sonra birliyin birləşdirici ölkələri Almaniya və Fransa qarşı-qarşıya gəlib.
Teleqraf.com xəbər verir ki, seçkilərdə sağ və mərkəz sol bloklar səs itirsələr də, Yaşıllar və millətçilərin səs faizi artıb.
Almaniya kansleri Angela Merkel AP-də mərkəzi sağ partiyaları bir araya gətirən Avropa Xalq Partiyası (EPP) qrup lideri Manferd Veberin Avropa Komissiyası sədri olmasını istəyir.
Merkel bildirib ki, Avropa Birliyinin yeni idarəçilərinin adları üzərində 20-21 iyuna qədər aparılacaq müzakirələrdə konsensus əldə olunacağına ümid edir.
Ancaq Fransa Prezidenti Makron Merkellə eyni fikirdə olmadığını açıqlayaraq Verberin Avropa Komissiyası sədrliyinə qarşı çıxdığını büruzə verib. Prezident qeyd edib ki, seçkilərdə iki partiyanın çoxluğu qeydə alınmayıb və bu səbəbdən yeni seçkinin nəticələrinə əsasən fərqli konfiqurasiya inşa edilə bilər.
Əlavə edək ki, Avropa Parlamentinə seçkilər zamanı EPP səs itirsə də, seçkilərdən ən böyük fraksiya kimi çıxmağı bacarıb. İndiyə qədərki prinsiplərə əsasən Avropa Parlamentində ən böyük qrupun lideri Avropa Komissiyasının sədri olub.
Hazırda sədr Yunker 2014-cü ildə bu prinsip əsasında rəhbərliyə gətirilib. Rəsmi Berlin bu səbəbdən də Verberin Avropa Komissiyasının prezidenti olmasını istəyir. Rəsmi Paris isə bu vəzifə üçün Avropa Birliyinin rəqabət üzrə komissarı Vestageri və hollandiyalı Avropa Komissiyasının sədr müavini Frans Timmermansın üzərində dayanır.
AP-nə seçkilərdən sonra Avropa Birliyinin sədri, Avropa Milli Bankı və Avropa Parlamentinin sədrləri, habelə Avropa Birliyinin xarici işlər üzrə ali komissarı vəzifələrinə yeni namizədlər irəli sürüləcək. Bunun üçün birliyə üzv olan 28 ölkə arasında konsensus əldə edilməli, habelə namizədlər parlamentdə ən azı 367 deputatın dəstəyini qazanmalıdır.