7 İyun 2019 21:00
2 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com politoloq Fərhad Mehdiyevlə müsahibəni təqdim edir.

- Amerika-Türkiyə münasibətlərin son 30 ilin ən gərgin və mürəkkəb mərhələsini yaşayır. Münasibətlərin indiki mərhələsi hansı faktorlarla xarakterizə oluna bilər?
- Burada S-400 kompleksi haqqında danışmaq lazım gəlir. ABŞ sözsüz ki, Türkiyə-Rusiya yaxınlaşmasından narahatdır. Amma bu iqtisadi yaxınlaşma olsaydı bu qədər narazılıq doğurmazdı. ABŞ-ın narazılığı daha çox S-400 kompleksinin NATO müdafiə sisteminə yaradacağı problemdir. Niyə? Türkiyənin iki hava müdafiə sistemi var. Bunlardan biri lokal olan milli hava müdafiə sistemidir, digəri NATO müdafiə sistemidir. Ancaq əsas müdafiə sistemi NATO-nun müdafiə sistemidir. S-400 kompleksi isə təkcə hərbi maşından və raketlərdən ibarət deyil. Onun radar sistemi var. Bu da mürəkkəb elektron sistemdir, peyklə bağlantısı var. Bu radar sistemləri Türkiyədə yerləşəndən sonra NATO üçün ciddi təhlükə yaradacaq. Ankara NATO-nun bu narahatlığını aradan qaldırmaq üçün bildirdi ki, S-400-ləri NATO sisteminə deyil, milli müdafiə sisteminə inteqrasiya edəcək. Amma bunu necə edəcəyi, texniki olaraq bu silahları harada yerləşdirəcəyi bəlli deyil.

NATO qəti əmin deyil ki, bu sistem ona hansı şəkildə təhlükə yaratmaya bilər. Bir sözlə, bu elə də sadə məsələ deyil. Aydındır ki, Rusiyada proqramlaşma kifayət qədər güclüdür, dünyanın ən güclü hakerləri Rusyadadır. Onlar hətta ABŞ-ın prezident seçkilərinə müdaxilə etmək gücündə olublar. İndi zəmanət yoxdur ki, peykə bağlana bilən S-400-lərin radar sistemi NATO-nun hava müdafiə sistemini qırmayacaq və təhlükə yaratmayacaq. Burada söhbət ancaq NATO-nun Türkiyə hava müdafiə sistemindən deyil, ümumən dünyadakı NATO hava hücumundan müdafiə sistemi və onun qırıla bilməsindən gedir. Bu səbəbdən də ABŞ qərarında son dərəcə qətidir. Türkiyə S-400 sistemini alsa NATO-dan çıxarılmaq kimi təhlükə ilə üz-üzə qalacaq. Bu qaçılmazdır. Üstəlik Türkiyəyə ciddi sanksiyalar tətbiq ediləcək.

- Əgər təhlükə belə ciddidirsə, nədən ancaq NATO üzvü kimi ABŞ danışır, amma digər müttəfiqlər sadəcə susur?
- Tramp hakimiyyətə gələn kimi NATO-nun maliyyələşməsinə dair dava aparmağa başladı, açıq deyir ki, niyə ABŞ NATO üçün bu qədər pul xərcləyir, amma Qərbi Avropa ölkələri xərcləmir. Yəni NATO-nun əsas zərbə qüvvəsi ABŞ-dır. Məhz bu səbəbdən də indi Türkiyə-Amerika qarşıdurması yaranıb.

Türkiyə dəfələrlə deyib ki, S-400-lər mövzusunda ortaq dil tapacaq. Lakin bu real görünmür. Rusiya rəsmiləri də qeyd etdilər ki, ortaq silahdan söhbət gedə bilməz. Yəni S-400-lərin Türkiyədə kodlaşdırması, raketlərin idarə edilməsinin milliləşdirilməsinə Rusiya heç vaxt razı olmaz. Qapalı kodlar isə kimin əlindədirsə, kursu da o müəyyən edir. Yəni hər cür müdaxilə edə bilər. Eyni zamanda S-400 komplekslərini Türkiyənin kimə qarşı istifadə edə biləcəyi məsələsi də var.

- Sizcə, Türkiyə bu kompleksdən hansı dövlətlərə qarşı istifadə edə bilər?
- S-400 kompleksini Türkiyə Suriya, İraq və İrana qarşı istifadə edə bilər. Bu ölkələrin hər birində S-400 və ya S-300 kompleksləri var. O da aydındır ki, Suriya, İran və İraqa Türkiyənin müdaxilə həyata keçirməsi üçün Rusiyanın razılığı vacibdir. Yəni S-400 almaqla Türkiyə bu ölkələrə qarşı özünü qorumur. Qalır NATO ölkələri.

- Hindistan və Yunanıstanda S-400 almaqda israrlıdır. Bu ölkələrə niyə Türkiyə qədər təzyiq olunmur?
- Yunanların S-400 almaq söhbəti daha çox spekuliyasiya ya bənzəyir. Bu yaxınlarda Yunanıstan II Dünya Müharibəsinə görə, Almaniyadan 300 milyard avro təzminat tələb edib. Düşünürəm ki, bu Yunanıstan və Rusiyanın birgə manevridir. Əgər bu məsələ ciddiləşsə, baxın görün, ABŞ Yunanıstanı nə günə qoyacaq.

- Hindistan...
- Hindistan NATO üzvü deyil, amma Yunanıstan və Türkiyə NATO üzvüdür. Bununla belə bu məsələ ABŞ-Hindistan münasibətlərində də gərginlik yaradıb.

- Türkiyə-ABŞ münasibətləri yalnız NATO çərçivəsində qurulmayıb. Bu iki ölkə arasında 100 milyardlarla dollarlıq ticarət əlaqələri, dövriyyə var. Hərbi sahədə yaranan gərgin durum iqtisadi sferaya hansı təsirlər edə bilər?
- Hazırda Türkiyə çox ağır vəziyyətdə qalıb. Siz diqqət etsəniz görərsiniz ki, bir ara məlumatlar çıxırdı ki, Türkiyə S-400 komplekslərini almağı yubadacaq. Və dərhal Rusiyadan açıqlamalar gəlirdi ki, belə bir durum ola bilməz. Rusiya çalışır ki, Türkiyəni özündən asılı vəziyyətə salsın. Bəli, Türkiyənin bu raketləri almasına ehtiyac var və haradansa almalıdır, amma eyni zamanda qərb tərəfindən ciddi sanksiyalara da məruz qalacaq. Rusiyada bunu anlayır. Düşünür ki, ABŞ-Türkiyə münasibətləri nə qədər korlansa Ankaranın Rusiyaya bir o qədər ehtiyacı olacaq. Ancaq siz Rusiyaya möhtac qalan ölkələrə baxın. Məsələn, İrana və ya Suriyaya. Bu ölkələrdə hər hansı bir inkişaf yoxdur. Əslində Rusiyada bunu bilir və düşünür ki, ətrafdakılar zəifləməli və özü güclənməlidir. Mən iddia etmirəm ki, ABŞ Türkiyənin güclənməsini, inkişafını istəyir. Xeyir, onlarda Türkiyənin bəlli səviyyədə qalmasını istəyir.

- Niyə?
- Qərbin siyasəti güc balansını tarazlamaqdır. Onlar həmişə bunu nəzərə alır, Türkiyənin çox güclənməsini istəmirlər. Ancaq qərbin yanında olan Türkiyə ilə Rusiyanın yanında olacaq Türkiyə ilə fərq ondan ibarətdir ki, Rusiyaya yaxın Türkiyə daha zəif olacaq. Həm iqtisadi, həm hərbi baxımdan. Baxın Aleksandr Duqinin kitabları var və bu kitablarda Türkiyə Rusiyanın əzəli rəqibi kimi təqdim edilir. Qəfildən Duqin dönüb oldu Türkiyənin dostu. Duqinin nə marağı var?

- F-35 qırıcılarının istehsal prosesində iştirak edən Türkiyəyə bu təyyarələr veriləcəkmi?
- Fikrimcə, Türkiyəyə F-35 model təyyarələr verilməyəcək. Türkiyə S-400 komplekslərini alacaq. Hazırda ABŞ bir çox dövlətə qarşı iqtisadi sanksiya tətbiq edib. Türkiyəyə qarşı olan münasibət də buradan qaynaqlanır. Hər halda bu proses Türkiyənin xeyrinə deyil. Hazırda Türkiyədə Avrasiyaçı deyilən qrup var. Onların başında Doğu Pərincək dayanır. Bu qrup Türkiyənin Rusiyaya yaxınlaşmasının tərəfdarıdır. Eləcə də Çinlə. Məqsəd Türkiyəni Rusiyaya yaxınlaşdırmaqdır, amma ciddi analitiklər deyirlər ki, bu yaxınlaşma bir şey verməyəcək. Üstəlik rus-türk müttəfiqliyi uzun müddətli olmayacaq. Çünki tam fərqli maraqları var. Amerika üçün Türkiyəni nə çox güclənməsi, nə də çox zəifləməsi arzu edilən deyil. Türkiyədə milli axın, Osmançılıq axını güclü olur Osmanlı Avropanın yarısına qədər gəlib çatmışdı. Odur ki, ABŞ və Avropada Türkiyə ilə bağlı ehtiyatlılıq var. Ərdoğan dövründə bu bir qədər də gücləndi.

- Ancaq ABŞ-da Türkiyənin maraqlarını nəzərə almır, bütün gücü ilə Suriyadakı PYD-yə dəstəyini verir...
- Böyük dövlətlərin xarici siyasətləri 10-15 illik dövrdə müəyyənləşmir. Kürd dövlətinin qurulması illər əvvəlki proqramıdır. Rusiya daxil olmaqla böyük dövlətlərdə hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq xarici siyasət asanlıqla dəyişmir. ABŞ-ın kürd dövləti qurmaq planı Trampdan əvvəl olub.

- Və bunu da uzun illər ən yaxın müttəfiqləri olan Türkiyənin hesabına həyata keçirmək istəyirlər?
- Bəli, tamamilə doğrudur. Baxın Türkiyə və İsrail arasında seçim etmək gəldikdə ABŞ İsraili seçər. Buna şübhə yeri yoxdur. Kürd dövlətinin qurulması İsrailin təhlükəsizliyi baxımından xüsusi əhəmiyyətə malikdir. Kür dövləti yaransa ərəblərin gələcəkdə birləşib İsrailə qarşı addım atmasının önü kəsilir. Ancaq kürd dövləti yaranacaqsa bir az İrandan, bir az Suriyadan, bir az İranqan və bir az da Türkiyədən torpaq qopara bilər. Amma ABŞ hazırda kürdlərin Türkiyə torpaqlarında dövlət yaratmasının tərəfdarı olduğunu büruzə vermir. Biz İraqda bunu gördük. Eləcə də ABŞ Suriyada kürdlərə böyük dəstək verir. Bu sadəcə ABŞ-ın İsraili düşünərək atmaq istədiyi addımdır.

- İndiki mərhələdə Türkiyə vəziyyətdən çıxmaq üçün hansı addımlar atmalıdır?
- İndi Türkiyə ağıllı siyasət aparmalı, mümkün təhlükələrin qarşısını almalıdır. Türkiyə bilməlidir ki, onun müştəriləri kimdir, kimlərin hansı maraqları var, onlar nə istəyirlər. Məncə, Türkiyə bu formatda oynayıb öz maraqlarını təmin etməlidir. Məsələn, mümkündür ki, S-400 kompleksi ilə bağlı Türkiyənin oyunu olsun. Son anda Türkiyə S-400 kompleksindən imtina qarşılığında ABŞ-dan Suriyada kürd dövləti qurmaq üçün addımlarının dayandırılmasına razılaşdırsın. Bəlkə də, bu istiqamətdə danışıqlar gedir və bizim bundan xəbərimiz yoxdur.

Amma mövcud vəziyyətdə Türkiyənin başqa əlacı yoxdur. Türkiyə böyük güclər arasında siyasət yürütməli, öz təhlükəsizliyini bu çərçivədə təmin etməlidir.


Müəllif: Cavad

Oxşar xəbərlər