15 İyun 2019 16:33
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Oman körfəzində üz-üzə gələn ABŞ və İran arasında gərginliyi aradan qaldırmaq üçün vasitəçi olmağa hazırıq. Lakin indiki halda tərəflər arasında dialoq mexanizminin qurulması mümkünsüz görünür”.

Teleqraf.com xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş deyib.

BMT rəhbəri körfəzdə tankerlərin silahlı hücuma məruz qalmasından sonra ABŞ-İran gərginliyinin artmasının bölgədə təhlükəsizliyi təhdid etdiyini vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp isə körfəzdə Norveç və Yaponiya tankerlərinin hücuma məruz qalmasına görə İranı ittiham edib: “Bunu İran edib, siz də bilirsiniz. Hücum vaxtı onların döyüş gəmisini gördünüz”.

İngiltərənin xarici işlər naziri Ceremi Hant bu hücumun İran tərəfindən həyata keçirilməsinin dəqiqləşdiyini bildirərək, rəsmi Tehranı günahlandırıb: “Bu hücumun arxasında SEPAH var, İrandan başqa heç bir dövlət və güc bu məsələdə məsuliyyət daşımır. İranın bu davranışları bölgəyə ciddi təhlükə vəd edir. Gec olmadan İranı təhlükəli manevrlərdən çəkinməyə çağırırıq”.

Oman körfəzində hücuma məruz qalan “Front Altair” və “Kokuka Courageous” adlı neft tankerləri ABŞ Donanmasından yardım istəyib. Sinqapur və Tailandın neft məhsullarını daşıyan tankerlərə hücum nəticəsində zərər görüb, 21 ekipaj üzvü dərhal evakuasiya edilib.

Rəsmi Tehran ittihamları qəbul etmir.


Müəllif: Mənsur Rəğbətoğlu