18 İyun 2019 14:57
1 835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu ölkənin daxili işlərinə qarışması ittihamı ilə Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin beynəlxalq münasibətlər komitəsinin sədri Ruben Rubinyan məlumat verib.

O, səfirin XİN-ə Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla görüşdən dərhal sonra çağırıldığını bildirib:

“Bu barədə xarici işlər naziri Zohrab Mnatsakanyanla da danışdım. Nazirlikdə rus səfirə Ermənistanın daxili işlərinə qarışmaması barədə xəbərdarlıq edilib”.

Robert Köçəryana (“Qarabağ klanı”) yaxın media qurumları Sergey Kopırkinin XİN-ə çağırılmasını, Baş nazir Nikol Paşinyanın Rusiya-Ermənistan münasibətlərinə zərbəsi kimi qiymətləndirib:

“Köçəryana qarşı fobiyası olan Paşinyan hökuməti bu düşmənçiliyi Rusiya-Ermənistan münasibətlərinə yönəldir, strateji tandem olan İrəvan-Moskva müttəfiqliyinin gələcəyini təhdid edir. Paşinyan hökuməti isə səfir və Köçəryan arasında baş tutmuş görüşdə üçüncü tərəf axtarır və bu “sifarişli görüş”ün Ermənistanın təhlükəsizliyini təhdid etdiyini iddia edir. Paşinyan və komandasının şübhələri Putinə qədər gedib çıxır. Paşinyan tərəfdarları iddia edir ki, bu görüş Putinin sifarişi ilə keçirilib və bu, Ermənistanın mövcud iqtidarına qarşı qiyama hazırlıq məqsədi daşıyır.

Halbuki Soros Fondunun dəstəyi ilə hakimiyyətə gəlmiş Paşinyan hökuməti bir dəfə də olsun, Ermənistanın daxili işlərinə qarışan ABŞ səfirliyinə etiraz etmədi. İndi Paşinyanın komandasında heç kəs amerikalı səfirə barmaq silkələmək istəmir”.

Erməni mənbələr qeyd edir ki, səfir Sergey Kopırkinin XİN-ə çağırılaraq xəbərdarlıq edilməsi, Rusiya-Ermənistan gərginliyinin pik həddə olmasının göstərəricisi və Ermənistanın gələcəyi üçün pis mesajdır: “Serj Sərkisyan və Robert Köçəryanın bütün addımlarını Rusiyaya bağlayan Paşinyan hökuməti daxildəki atmosferi gərginləşdirməklə yanaşı, özünə içindən çıxa bilməyəcəyi dərin quyu qazır”.


Müəllif: Mənsur Rəğbətoğlu