“İmralı adasındakı həbsxanaya getməyin asan olmadığını hər kəs bilir. Oraya dövlətin razılığı və məlumatı olmadan getmək mümkünsüzdür. Mən özümü ruhən sosial müəllim görürəm. 25 ildir PKK-nın daxili dinamikasını izləyirəm. Bu mövzuda kitablar yazmışam. 2012-ci ildə “Öcalana məktublar” kitabım çapdan çıxıb”.
Teleqraf.ccom xəbər verir ki, bu sözləri ötən gün İmralı adasında saxlanılan PKK-nın baş terrorçusu Abdulla Öcalanla görüşən və onun seçkilərlə bağlı məktubunu ictimaiyyətlə paylaşan Munzur Universitetinin müəllimi Əli Kamal Özcan deyib.
Özcan bildirib ki, onun Abdulla Öcalanla görüşmək tələbi yeni deyil: “2010-cu ildə görüşmək tələbimi Munzur Universitetinin rektorluğu və valilik vasitəsilə lazım olan ünvanlara çatdırdım. Ancaq nəticə olmadı. 2004-cü ildə Öcalana bir məktub yazdım. Dövlətin uyğun sayması və Öcalanın məni qəbul etməsi nəticəsində görüşümüz baş tutdu”.
Özcan Türkiyə xaricində yaşayan oğlunun PKK rəhbərliyində təmsil olunması iddialarına cavab verərkən bildirib ki, bir oğlu Londonda, digəri isə ABŞ-da yaşayır: “Oğlum Giram ABŞ-da HDP-nin Vaşinqton təmsilçisidir”.
Xatırladaq ki, İmralı adasında saxlanılan PKK lideri Abdulla Öcalan yalnız vəkilləri və ailə üzvləri ilə görüşür. Bələdiyyə seçkiləri öncəsi Əli Kamal Özcanın qəfildən adada peyda olması, Abdulla Öcalanla görüşməsi və Öcalanın seçkilərlə bağlı məktubunu ictimaiyyətə parlaşması diqqət çəkib.