"Biz verilmiş qərarla bağlı tam informasiya toplamağa çalışırıq, yalnız bundan sonra ciddi şəkildə təhlil apara və nəticə çıxara bilərik".
Teleqraf.com xəbər verir ki, bu sözləri Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze Vladimir Putinin qərarını şərh edərkən deyib.
Onun sözlərinə görə, hazırda qarşıda duran əsas vəzifə ölkənin suverenliyini və hər bir vətəndaşın maraqlarını ciddi məsələlərdə tələskənliyə yol vermədən qorumaqdır.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin iyulun 8-dən ölkə aviaşirkətlərinə Gürcüstana uçuşları qadağan edən sərəncam imzalayıb.
Bundan başqa, turizm operatorlarına və agentliklərinə qadağanın qüvvədə olduğu müddətdə turistləri Rusiyadan Gürcüstan ərazisinə daşımamaq tövsiyə edilir.
Qərar Kremlin saytında yerləşdirilib.