19 İyul 2019 11:05
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Xarici İşlər Nazirliyi Suriya ilə bağlə növbəti görüşün avqustun 1-2-də ölkə paytaxtında keçiriləcəyini təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə cümə günü idarənin “Telegram” kanalında məlumat yerləşdirilib.

Qeyd edək ki, bundan öncə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini, prezidentin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov Astana formatı üzrə növbəti görüşün avqustun 1-2-də Nur-Sultanda keçiriləcəyini bildirmişdi. O qeyd etmişdi ki, Livan və İraq nümayəndələri ilk dəfə olaraq görüşdə müşahidəçi qismində iştirak edəcəklər.

“Avqustun 1-2-də Nur-Sultanda Suriya ilə bağlı 13-cü dəfə yüksək səviyyəli beynəlxalq görüş keçiriləcək. Avqustun 1-də Suriya hökumətinin və müxalifət qruplarının nümayəndələrinin iştirakı ilə ikitərəfli və çoxtərəfli məsləhətləşmələr, avqustun 2-də isə plenar iclas keçiriləcək”, – deyə Qazaxıstan Xarici İşlər Nazirliyindən bildiriblər.

Nazirlikdən onu da bildiriblər ki, görüşdə zamin dövlətlərin – İran, Rusiya və Türkiyənin, həmçinin, Suriya hökumətinin və Suriya silahlı müxalifətinin nümayəndə heyətlərinin iştirakı planlaşdırılır. Müşahidəçi qismində BMT-nin, İordaniyanın, həmçinin ilk dəfə olaraq Livan və İraqın yüksək səviyyəli nümayəndələri danışıqlar prosesində iştirak edəcək.

Qeyd edək ki, Astana formatı üzrə sonuncu görüş aprel ayında Nur-Sultan şəhərində keçirilib.


Müəllif: Səxavət